×
A
A
A
Sazlamalar

Oğuzda Ulu Öndərə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib

Oğuz, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Noyabrın 20-də Oğuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birincilik keçirilib. Oğuz rayonu üzrə Gənclər və idman sektoru, YAP Oğuz rayon təşkilatı və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda rayonun ümumtəhsil məktəblərini, müəssisə və təşkilatları təmsil edən 20 komanda mübarizə aparıb.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, birinciliyin açılış mərasiminin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov və rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalq və Vətən qarşısındakı xidmətlərindən danışıblar.
Yekun nəticələrə əsasən, Böyük Söyüdlü kəndinin “Xarı bülbül” komandası intellektual yarışın qalibi adını qazanıb. Xaçmazqışlaq kəndinin “Xudayar” və Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin “Nail” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
İntellektual yarışın qalibləri Regional Gənclər və İdman İdarəsinin və YAP rayon təşkilatının diplom, kubok və hədiyyələri ilə mükafatlandırılıblar.

Regionlar 2023-11-20 18:39:00