“Ümumi təhsildə davamlı keyfiyyət təminatı” - beynəlxalq elmi-praktik konfrans
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanda ümumi təhsildə xarici və daxili keyfiyyət təminatı istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələrin paylaşılması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, həmçinin ümumi təhsildə keyfiyyət təminatının mühüm aspektləri ətrafında müzakirələrin təşkil edilməsidir.
Agentliyin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Rəsulov çıxışında müvafiq sahədə indiyədək görülmüş işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli ümumi təhsil sahəsində aparılan islahatlardan danışıb, müasir dövrün çağırışları və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Konfrans Elm və Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev, Başkənd Universitetinin Təhsil Elmləri İnstitutunun direktoru professor Sərvət Özdəmir, Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının Təhsil Komitəsinin məsləhətçisi, Məktəb inspeksiyasına dair nəşrlərin müəllifi və Ülyahəzrət Kraliçanın sabiq məktəb müfəttişi Adrian Qray və Türkiyənin Təhsil Nazirliyinin Təlim-Tərbiyə Şurasının sabiq sədri, professor Bürhanəddin Dönməzin çıxışları ilə davam edib. Həmçinin yerli və beynəlxalq ekspertlərin spikerliyi ilə “Ümumi təhsildə keyfiyyət modelləri vasitəsilə keyfiyyətə aparan yol” və “Ümumi təhsildə daxili keyfiyyət sistemlərinin inkişaf etdirilməsi: problemlər və perspektivlər” adlı panel müzakirələr aparılıb.
“Müasir dövrdə effektiv idarəetmənin problemləri”- konfrans
“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir
BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub
Beynəlxalq konqresin iştirakçılarına Azərbaycanın kənd turizmi haqqında məlumat verilib