×
A
A
A
Sazlamalar

Gənc şairin “Lal gəmilər” şeirlər kitabının təqdimatı olub

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc şair Seyid Aynurun “Lal gəmilər” şeirlər kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı, yüksək poliqrafik üslubda nəşr edilmiş kitabda şairi şeirləri ilə yanaşı, esseləri də yer alıb.
Tədbirdə çıxış edən AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli S.Aynuru istedadlı bir şair kimi xarakterizə edib və onun əsərlərini bədii cəhətdən yüksək qiymətləndirib. Bildirib ki, kitaba müəllifin sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzularında yazılmış şeirləri toplanıb. O, oxucuları bu şeirlərlə yaxından tanış olmağa çağırıb.
Tədbirdə tanınmış şairlər Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, şair-publisist Narıngül Nadir və başqaları çıxış edərək müəllifi təbrik edib, ona yeni uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, “Lal gəmilər” müəllifin oxucularla ilk görüşüdür. Kitabda Seyid Aynurun həm yeni, həm də uzun illər ərzində qələmə aldığı şeirlər toplanıb. Bu poeziya nümunələrində Qarabağ savaşı və onun insanların taleyinə gətirdiyi itki və mənəvi iztirabları olduqca dolğun təsvir edən müəllif Allaha sığınmaqla bir növ bütün əziyyətlərdən qurtulmaq istəyir, son nəticədə kədər göz yaşları qüdrətli ordunun yaşatdığı qələbə sevincinə qarışıb yoxa çıxır.
Qeyd edilib ki, kitabda şair öz oxucularına yapon şeiri olan haykuları təqdim edir və o, burada Yapon ədəbiyyatındakı haykuların tələblərinə tam şəkildə əməl edib. “Bir sözlə müəllif istər şeirləri, istərsə də esselərində sanki külli-aləmi danışdırmaq istəyir”,- deyə natiqlər bildiriblər.
Diqqətə çatdırılıb ki, Seyid Aynur 1987-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur. "Ulduz" jurnalı, “Kaspi”, “Ədəbiyyat” və “525-ci qəzet”lərində şeir və esseləri dərc olunub. "Naxış" adlı bir hekayənin müəllifidir. 2018-ci ildə Türkiyədə nəşr olunan Azərbaycan ədəbiyyatı antologiyasında şeirləri dərc olunub. Şeirlərində sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzuları çox işlənib. Hazırda beynəlxalq səviyyəli İnsan resursları mütəxəssisi olaraq HR sahəsində fəaliyyət göstərir.
Tədbirdə kitabın “Ön söz” müəllifi, tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusifli çıxış edərək “Lal gəmilər” şeirlər kitabında yer alan şeirlərin məziyyətlərindən danışıb. Şairin poeziyaya münasibətini yüksək dəyərləndirən Vaqif Yusifli deyib: “Seyid Aynur şairdir və onun şair obrazını şeirlərinin nə dərəcədə poetik olmasında, fikrin hissiyyatla qovuşmasında, obrazlı ifadə tərzinə, şeirin yaraşığı olan bədii təsvir vasitələrinin orijinallığında müşahidə edirəm. Seyid Aynurun Xocalıya, Qarabağa və müharibədə döyüşən əsgərlərimizə həsr etdiyi bir neçə şeiri var - bu şeirlərin müəllifinin qarabağlı olduğunu düşünürəm. Dəxli yox, heç qarabağlı olmasın, amma o hisslər, o yanğılar ki, var onların ürəyin kardioqrammasından keçib, o hissləri, o yanğıları vaxtilə Qarabağ həsrətiylə çırpınan, indi isə qələbə sevinciylə yaşayan bir şair-qadın yaza bilər”.
Tanınmış ədəbi-tənqidçinin sözlərinə görə, Seyid Aynurun əksər şeirlərində fikir ön plandadır, yəni şairin bir şeirdə nə demək istədiyi bizə məlum olur. Təbii ki, hər hansı fikir bədiiyyatla yüklənməlidir. Fikrin özü də mənalı olmalıdır ki, onu rövnəqləndirən bədiiyyatla qovuşsun. Məsələn, "Xudayarın nəğməsi" şeirində əsas fikir məlumdur - onun oxuduğu mahnının necə bir əks-səda doğurduğunu, bu mahnının bütün Azərbaycana yayılması…bildiyimiz o mahnının Xudayarın - o döyüşçünün adı ilə məşhurlaşması... Amma bu fikri qüvvətləndirən də şairin gözəl, orijinal təşbehləridir. Belə misalların sayını artıra da bilərik. “Mən Seyid Aynurun esselərini də oxudum. Onun şairliyi bu esselərə də hopub. Xüsusilə, "Şuşa" essesi xatirələr işığında bizi Şuşaya aparır. Hiss olunur ki, Seyid Aynurun içində və ruhunda Şuşa əbədi bir nəğmədir”, - deyə Vaqif Yusifli vurğulayıb.
Təqdimat mərasimində digər çıxış edənlər Seyid Aynurun şeirlərinin özünəməxsus hissi-emosional ovqatıyla seçildiyini bildiriblər. Qeyd edilib ki, hər kəs kitabda özünə aid çox mətləbləri tapacaq, hər bir oxucu bu kitabın sanki onun üçün yazıldığını hiss edəcək.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif poetik axtarışlarını bundan sonra da davam etdirəcəyini, tez-tez Vətəni tərənnüm edən şeirlərlə oxucuların görüşünə gələcəyini bildirib.

 

Mədəniyyət 2023-11-20 16:17:00