×
A
A
A
Sazlamalar

İtaliyanın Azərbaycandakı səfirliyində birgə nəşr olunmuş antologiyanın təqdimatı keçirilib

Bakı, 18 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

İtaliyanın Azərbaycandakı səfirliyində “Milyon illər sonra görüşdük” antologiyasının təqdimatı mərasimi olub.
AZƏRTAC xəbər verir ki, antologiyanın nəşri “Söz” ədəbi-bədii layihəsi və İtaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyinin birgə təşəbbüsü sayəsində həyata keçirilib və gənc italiyalı şairlərin Azərbaycanda tanıdılması, Azərbaycanın müasir poeziya nümunələrinin İtaliyada təşviqi məqsədi daşıyır.
Təqdimat mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri deyib ki, Azərbaycan onun ölkəsi üçün çox mühüm dövlətdir. Onun sözlərinə görə, xalqlarımız arasında əlaqələrin çox qədim tarixi var. Səfir vurğulayıb: “İki müxtəlif dillərdə danışsaq da, hisslərimiz çox yaxındır. Bu antologiyanın əhəmiyyəti ondan ibarətdir ki, İtaliya ilə Azərbaycan arasında təkcə siyasi, iqtisadi əlaqələrin deyil, həm də ədəbi-mədəni sahələrdə əməkdaşlığın olduğunu göstərir. Mən bu təşəbbüs ilə çıxış etdiyinə görə Nigar Həsənzadəyə təşəkkürümü bildirirəm”.
Sonra şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Söz” ədəbi-bədii layihəsinin rəhbəri Nigar Həsənzadə çıxış edərək təqdimat mərasiminə və nəşrin ərsəyə gəlməsində dəstəyinə görə səfirliyə minnətdarlıq edib. O diqqətə çatdırıb ki, antologiyanın təqdimatı üçün səfirliyin seçdiyi məkan da kitabın özünün ruhuna və fəlsəfəsinə tam uyğundur. Bu iki antologiyada bir-birindən təkcə poetik üslubu ilə deyil, həm də daxili emosional vəziyyəti ilə fərqlənən gənc və istedadlı şairlərin əsərləri toplanılıb.
Nigar Həsənzadə qeyd edib: “İnanırıq ki, bu kitablar diqqətdən kənarda qalmayacaq və İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında, xüsusən iki ölkənin gənc şairlərinin ünsiyyəti və əməkdaşlığının yaranmasında yeni imkanlar açacaq”.
Layihənin ideyası 2019-cu ilin sentyabrında italyan şairi Davide Rondoninin, eləcə də şair Nigar Həsənzadənin təşəbbüsü ilə Bakıda keçirilən “Nəsimi - poeziya, incəsənət, mənəviyyat” festivalında yaranıb və kitabın nəşri 2021-ci ildə baş tutub.
Əsərlərin tərcüməçisi Züleyxa Muradova, redaktoru Seyfəddin Hüseynov, layihənin əlaqələndiriciləri Aydan Əliyeva və İzabella Serradır.
Gənc Azərbaycan şairlərinin antologiyası İtaliyanın “Capire Edizioni” nəşriyyatında, Azərbaycan dilində italyan şeirləri antologiyası isə Azərbaycanın “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Mədəniyyət 2023-11-18 12:33:00