×
A
A
A
Sazlamalar

“Qgallery”də İnqe Şmidtin ustad dərslərinin “İnikas” sərgisi açılıb

Bakı, 18 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

“Qgallery”də İnqe Şmidtin ustad dərslərinin iştirakçısı olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrindən ibarət qrupun “İnikas” adlı sərgisinin açılışı olub.
Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tədbirləri çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərginin ekspozisiyasına alman rəssamın keçirdiyi ustad dərslərində tələbələrin yaratdığı Avropa rəssamlıq məktəbi və Şərq koloritinin sintezini, təsviri sənətdə müasir istiqamətlərlə ayaqlaşan palitranın cəsarətli istifadəsinə söykənən qeyri-trivial süjetləri və orijinal tətbiq üsullarını ehtiva edən tablolar daxildir.
Azərbaycan sənətsevərləri İnqe Şmidti yaxşı tanıyırlar. O, “Qız qalası” incəsənət festivalında iştirak edib. Rəssam yaradıcılıq və təhsil sahələrində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə sıx əməkdaşlıq edir, akademiyanın tələbələri üçün ustad dərsləri keçirir, onlara təsviri incəsənətin müasir üslub və istiqamətlərinin texnologiyalarını öyrədir. İnqe 2013-cü ildən bu akademiyanın professorudur. Bu ilin aprelində həmin ali təhsil ocağında rəssamın gənc istedadlar üçün növbəti ustad dərsləri təşkil edilib.
Sərginin keçirilməsindən məqsəd incəsənətin və istedadlı gənclərin təşviqi, emosiyaların gücləndirilməsi vasitəsilə sənətsevərlərin rəssamlar tərəfindən yaradılan obrazlara cəlb edilməsidir. Müəlliflər öz əsərlərində incə, kövrək və intellektual mövzulara toxunurlar.
Sərgi noyabrın 22-dək davam edəcək.

Mədəniyyət 2023-11-18 12:01:00