×
A
A
A
Sazlamalar

“Bağçada meyvələr” xalça kolleksiyasının ilk xalçalarının hanadan kəsimi mərasimi keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 13-cü ildönümü və “Azərxalça” ASC–nin gənc, istedadlı, yaradıcı rəssam və xalçaçılarla növbəti əməkdaşlığının nümayişi münasibətilə cəmiyyətin Nardaranda yerləşən xalça emalatxanasında tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə rəssam Samirə Allahverdiyevanın “Bağçada meyvələr” adlı rəsm kolleksiyası əsasında toxunmuş ilk xalçaların qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.
Mərasimdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov qeyd edib ki, dəyişən və qloballaşan dünyada milli-mənəvi irsimiz, xalçalarımızı bütün dünyaya daha müasir tərzdə təqdim etmək artıq mütləqdir: “Müasir və müxtəlif rənglərlə göz oxşayan xalçalarımız dünyanın bütün nöqtələrində müasir interyerli məkanların ən dəyərli bəzəyi olsun. Bütün dünyanın artıq 13 ildir ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına aid olan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməsinin vaxtıdır. Bu gün təqdim etdiyimiz, xüsusi 3D texnikası ilə işlənilən xalçalarımız kimi”.
Samirə Allahverdiyeva kolleksiyasının ideyası, yaranma səbəbi və “Azərxalça” ASC ilə əməkdaşlıqla bağlı fikirlərini bildirib: “Uşaqlıqdan əslən Zəngilanlı olan, irsi xalçaçı Zərnişan nənəmin ruhunu və doğma torpağa məhəbbətini sərf edərək gözəl xalçalar toxumasına heyrətlə baxırdım. Nənəm deyirdi ki, əvvəllər kənd yerlərində hər kəs bağında ağacların altına evində olan xalçaları sərib tez quruması üçün meyvələri də üstünə tökürdülər. Bu günə kimi xalçalar üstündəki günəşli xurmanın, al qırmızı narların, şirəli limonların ərsəyə gətirdiyi “göy qurşağı” göz önümdədir və o mənzərə mənim bütün yaradıcılığıma təsir edib. Xalça əcdadlardan mirasdır, uşaqlıq xatirələridir. Uşaqlığım isə o zamanlardan dəyərli məlumatlarla dolu olan bu ornamentlərin təkcə vizual yaddaşımda deyil, həm də ürəyimdə həkk olduğunun bariz nümunəsidir. Azərbaycan xalçası yerli landşaftların bütün rəng çalarlarını özündə cəmləşdirir: səmanın tünd mavisi, günəşin parlaq qızılı, yarpaqların yaşıllığı, çiçəklərin parlaq rəngləri və Azərbaycan xalqının yaratdığı meyvə və giləmeyvələrin bütün müxtəlif çalarları... Rəsmlərimin hər birində ölkəmin bərəkətli torpağının zəngin olduğu şirəli meyvə elementlərini əks etdirən sirli xalça motivləri var. Mənimlə “Azərxalça” ASC arasında əməkdaşlıq bir şansdır. Birgə layihəmiz nəticəsində ərsəyə gələn xalçalar ölkəmizi zənginliyini, çoxəsrlik tarixini, özünəməxsus təbiətini, bənzərsiz mədəniyyətini təmsil edir”.
Əslən Zəngilandan olan Samirə Allahverdiyeva Həştərxanda anadan olub. 2007-2014-cü illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq üzrə bakalavr, qrafik dizaynerlik üzrə isə magistr pilləsini qurtarıb, Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan, Türkiyə, Amerika, Belçika və Rusiya kimi ölkələrdə sərgilərdə iştirak edib, əsərləri şəxsi kolleksiyalarda saxlanılır.
Ənənəvi gənclərlə birlikdə iş, əməkdaşlıq sahəsində Azərbaycan xalça sənətinin “Azərxalça” ASC tərəfindən həm Azərbaycan daxili, həm də beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyətlər uğurla davam etdirilir.
Qeyd edək ki, kolleksiyaya “Talış”, “Naxçıvan”, “Malıbəyli”, “Çələbi” kimi xovlu Qarabağ xalçaları, “Xilə Əfşan” Şirvan, Bakı, “Tirmə buta” Gəncə xalçaları daxildir. Bütün xalçalar “Azərxalça” ASC-nin Nardaran emalatxanasında 1 il ərzində 14 toxucu xanım tərəfindən toxunub. Xalçalar üzərindəki meyvə ornamentləri 3D texnikası ilə işlənilib. Kolleksiyaya daxil xalçalar limitli saydadır. Hər bir xalçadan cəmi 10 nümunə var.

 

 

Mədəniyyət 2023-11-18 10:59:00