×
A
A
A
Sazlamalar

Azərbaycanın Olimpiya mükafatçısı EOC-un Atletlər Komissiyasının üzvlüyünə namizəddir

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 6-7-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Atletlərinin VII Forumu və Assambleyası keçiriləcək.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Atletlər Komissiyasına 3 yay və 1 qış idman növlərindən namizədlər də seçiləcək. Namizədlərin arasından bir nəfər Komissiyanın sədri Gerd Kanteri əvəzləyəcək. Avropadan 13 namizədin yer aldığı siyahıda cüdo üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun da adı var.
Ölkəmizi səsvermədə Azərbaycan Atletlər Komissiyasının üzvləri - taekvondoçu Fəridə Əzizova və yunan-Roma güləşçisi Rəsul Çunayev təmsil edəcək.
Tədbirin ilk günündə EOC-un Atletlər Komissiyasının gələcək planları və strategiyaları, “Milano-Kortina-2026” Qış Olimpiya Oyunları haqqında müzakirələr aparılacaq. Növbəti gündə “Paris-2024” Yay Olimpiya Oyunları haqqında təqdimatlar və strategiyalar iştirakçılara nümayiş etdiriləcək. Ardınca Komissiya və namizədlər haqında məlumat veriləcək. Sonda EOC-un Atletlər Komissiyasının üzvləri seçiləcək.
Atletlər Komissiyasının missiyası avropalı idmançıların problemlərini quruma çatdırmaq və onların dinlənilməsini təmin etməkdir.

İdman 2023-11-04 20:00:00