×
A
A
A
Sazlamalar

UEFA “Qızıl top” mükafatının tərəfdaşı olacaq

Bakı, 3 noyabr, AZƏRTAC

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “France Football” və “L'Equipe” nəşrlərinin sahibi olan “Groupe Amaury” şirkəti ilə tərəfdaşlıq sazişi bağladığını bildirib.
AZƏRTAC xəbər verir ki, razılaşmanın məqsədi "Qızıl top"mükafatının birgə təşkilatçılığıdır.
Təşkilatın press-relizində qeyd olunur ki, Groupe Amaury "Qızıl top" brendinin sahibi olaraq qalacaq və əvvəlki müstəqil səsvermə proseduru davam edəcək. UEFA isə qlobal kommersiya əlaqələrini inkişaf etdirəcək və mükafatlandırma mərasimi təşkil edəcək. UEFA-nın köməyi ilə iki yeni mükafat - kişi və qadın komandaları arasında ən yaxşı məşqçi nominasiyası təsis ediləcək.
"Qızıl top" kuboku "France Football" nəşrinin keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. Mükafat ilk dəfə 1956-cı ildə İngiltərənin "Blackpool" komandasının hücumçusu Stenli Mettyuza təqdim olunub, laureat futbol jurnalistləri tərəfindən müəyyənləşdirilib. Əvvəlcə "Qızıl top"a yalnız Avropa futbolçuları iddia edə bilərdi. 1995-ci ildən bəri bu mükafat hər bir millətin oyunçularına verilməyə başlayıb, yeganə şərt futbolçunun Avropa klubunda çıxış etməsi idi. 2007-ci ildən bəri artıq hər bir oyunçu bu kubokun sahibi ola bilər.
2010-2015-ci illərdə mükafat Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə birlikdə "France Football" jurnalı tərəfindən təqdim edilib. 2016-cı ildən bəri isə biri bu nəşrin, digəri FIFA-nın versiyasına görə olmaqla, iki mükafat təqdim olunur. FIFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusu mükafatı isə 1991-ci ildən 2009-cu ilə qədər verilib. Bu il "Qızıl top"un sahibi argentinalı Lionel Messi seçilib.
Hazırda təşkilatçılar mövsümün ən yaxşı qadın futbolçusuna "Qızıl top", ən yaxşı qapıçıya Lev Yaşin adına mükafat, 21 yaşınadək ən yaxşı oyunçuya "Trofi Kuboku", sosial fəaliyyətə görə Sokrat adına mükafat, ən yaxşı hücumçuya Gerd Müller adına mükafat, həmçinin ötən mövsümün ən yaxşı kişi və qadın klubuna mükafatlar təqdim edirlər.

İdman 2023-11-03 17:12:00