×
A
A
A
Sazlamalar

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Bakı, 27 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
AZƏRTAC 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 31-cu günü

• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir T-72 tankı, dörd D-30 və üç D-20 topu, bir “Osa-AKM” ZRK, bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir radiolokasiya stansiyası və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

• Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Bu xain hücum nəticəsində ilkin məlumata görə, Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və yeddi yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır. 

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

• Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilir.

• AZƏRTAC-ın müxbiri düşmənin raket hücumuna məruz qalmış Bərdə rayonunun Qarayusifli kəndində olub, hadisə yerindən foto və videoreportaj hazırlayıb.

• Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub - AZƏRTAC-ın foto və videoreportajı.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar.

• ANAMA mütəxəssisləri cəbhəyanı ərazilərdə raket və top mərmilərini zərərsizləşdiriblər.

Ordu 2023-10-27 12:00:00