×
A
A
A
Sazlamalar

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Bakı, 25 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
AZƏRTAC 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 29-cu günü

• Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

• Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.

• Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə doğru irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin şəxsi heyəti çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.

• Müdafiə Nazirliyi QubadlıCəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Düşmənin atəş nöqtələri məhv edilib.

• Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücuma cəhd göstəriblər. Bölmələrimizin gördükləri qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobili və bir zirehli texnikası ələ keçirilib.

• Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

• ANAMA: Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirilib.

 

Ordu 2023-10-25 12:00:00