×
A
A
A
Sazlamalar

“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri arasında keçirilən “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində “Yüksək səviyyəli müşahidəçi günü" keçirilib. Təlimə ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində polkovnik Ramil Həsənov deyib.
“Ümumiyyətlə, təlim ildə iki dəfə keçirilir. Mayda Türkiyədə, oktyabrda isə Azərbaycanda reallaşdı. Bu dəfə təlim iqlim və ərazi relyefi nəzərə alınaraq dağlıq, meşəlik olmaqla, yeddi bölgədə keçirilir. Bugünkü təlimdə də qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub.
Əvvəlki təlimlərlə müqayisədə daha çox artilleriya vasitələri və digər zirehli texnikalar cəlb olunub. Burada ssenariyə əsasən, eyni zamanda, onlayn olaraq digər bölgələrdən qoşularaq təlimin gedişatı izlənilir. Əlavə olaraq da bölgədə olan mülki əhalinin qorunması, bölgədə olan faktiki duruma görə dərhal qərarın qəbul edilərək qərargaha ani olaraq ötürülüb, qərarın qəbul edilərək qiymətləndirilməsi və aidiyyəti üzrə tədbirlərin görülməsi icra olunur”, - deyə R.Həsənov qeyd edib.

 

Ordu 2023-10-24 14:14:00