×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub YENİLƏNİB VİDEO

Füzuli, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Bildirildi ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.
Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.
Dövlətimizin başçısı ikinci yaşayış kompleksinin təməlini qoydu.

Rəsmi xronika 2023-10-16 17:01:00

Video