Şəhid Həsən Həsənovun xatirəsi anılıb
Şirvan, 3 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Həsən Rəhim oğlu Həsənovun Şirvan şəhər Şəhidlər Xiyabanında anım günü keçirilib. Şəhid Həsən Həsənovun və digər şəhidlərin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, Şirvan Bələdiyyəsinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək, belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açılıb. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağı qeyd edilib. Şəhid Həsən Həsənovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.
Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıqlarından söhbət açıblar. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan, onların sosial problemlərinin həllinin daim diqqət mərkəzində olmasından bəhs edilib.
Sonra şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi başlayan gündən Həsən də ön sıralarda yer alıb. Oktyabrın 2-də Füzuli istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində şücaəti ilə seçilərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Həsən Həsənov döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir
Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub
Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ
Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO