×
A
A
A
Sazlamalar

Cənubi Qafqazla bağlı “fəaliyyəti” “yarımçıq” qalan USAID yenidən öz ampluasında... ŞƏRH

Bakı, 3 oktyabr, Abbasəli Yadigarov, AZƏRTAC

Bir neçə gün əvvəl Gürcüstan DTX bu ölkədə hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlimlərin keçirilməsinə, Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına ABŞ tərəfindən vəsaitin ayrıldığı barədə məlumat yayıb. Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerikanın pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir. Eyni zamanda, məlumdur ki, ölkənin Dövlət Təhlükəsizliyi Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhdin olacağı ilə bağlı məlumat yayıb. Qonşu ölkədə baş verən son hadisələr ABŞ kəşfiyyatının orada dövlət çevrilişinə hazırlaşdığını göstərir.
Ümumiyyətlə, Gürcüstanda baş vermiş qalmaqal ilk hal deyil - USAID-in adı işlədiyi ölkələrdə daim siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər hadisələrdə hallanıb. Bu təşkilat ABŞ-ın digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır.
Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb. Vaxtilə Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunub. ABŞ-ın və Avropanın Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışıblar. Onlar bəzi sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də, necə deyərlər, əsas “missiyaları”nı unutmayıblar. Belə ki, USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq QHT-lər, media orqanları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər.

USAID, həmçinin vaxtilə Azərbaycanda “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirib, hökumət əleyhinə qeyri-qanuni aksiyalar təşkil edib. 2014-cü ildə bu qurumun Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan etməsi bunun bariz nümunəsidir. Həmin il ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin sabiq rəhbəri özünün bank hesabından təqribən iki milyon dollar vəsait çıxararaq bəzi QHT-lərə, konkret şəxslərə paylamışdı. Lakin Azərbaycan güclü dövlət kimi, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi və həmrəyliyi sayəsində bu təşkilatın ölkəmizlə bağlı planlarını iflasa uğratmışdı.

Yuxarıda adları çəkilən təşkilatlardan bəzilərinin xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur. Yəni, USAID-in proqramları guya əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Amma artıq heç kimə sirr deyil ki, bu təşkilat ABŞ-ın maraqları üzərində qurulmuş xətt üzrə fəaliyyət göstərir. Əslində, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) öz əməliyyatlarını həyata keçirmək və pərdələnmək üçün USAID-dən istifadə edir. Bu agentliyin indiyədək Vaşinqtonun maraqlarına xidmət edən gizli işlərdə əli olduğunu sübut edən bir sıra materiallar mövcuddur. Belə ki, USAID-ın yüksəkvəzifəli nümayəndəsi vaxtilə etiraf etmişdi ki, MKİ onların əməliyyatlarına yardım göstərən üçüncü tərəflərin pul vəsaitləri və müqavilələr ilə təmin olunmasında təşkilatdan istifadə edir. Bu barədə İspaniyanın “Rebelion” qəzetində dərc olunan “Mərkəzi Kəşfiyyat İdarəsi USAID-dən pərdələnmək üçün istifadə edir” sərövhəli məqalədə də bildirilib.
Bu təşkilatın bu və bir sıra digər faktlarla ifşa olunmasına baxmayaraq, o, öz “missiyası”ndan əl çəkmək niyyətində deyil. USAID hələ də digər dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə çalışır. Təşkilatın 2023–2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” qurculuğuna 9,5 milyard dollar vəsait ayırması deyilənləri təsdiqləyir. “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin ayrı-ayrı ölkələrdə çevrilişlərlə bağlı planların həyata keçirilməsinə yönəldiləcəyi artıq heç kimdə şübhə doğurmur.
Bu arada qeyd etməliyik ki, hazırda USAID-ə ermənipərəst Samanta Pauer rəhbərlik edir. Bu, həmin Samanta Pauerdir ki, erməni yalanlarına “sədaqəti”ni sübuta yetirmək üçün 24 apreli – ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü elan etmişdi. Belə qatı ermənipərəst mövqe tutan qadının Ermənistan dövləti tərəfindən “dəyərli tərəfdaş” adlandırılması heç də təsadüfi deyil.

Ümumiyyətlə, tarixə nəzər yetirsək görərik ki, postsovet məkanında baş vermiş rəngli inqilablar, daha sonralar Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər – bütün bu qanlı hadisələr Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Qərbin maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir.

Ümumilikdə götürsək, USAID-in Azərbaycana qarşı münasibəti açıq-aşkardır. Qurum təmsil etdiyi dövlətin xarici siyasətinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edir, ermənilərin uydurduqları “etnik təmizləmə”yə diqqət yönəldir. Bu qurum hələ də anlamır və ya anlamaq istəmir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, indiyədək heç bir qurum, ölkə və ya beynəlxalq təşkilat son hadisələr zamanı Qarabağdakı ermənilərlə bağlı “etnik təmizləmə” ifadəsini, ümumiyyətlə, nə dilinə almayıb, nə bəyanatına, nə də açıqlamasına salmayıb. O zaman sual olunur ki, hadisələrin gün kimi açıq-aşkar şəkildə, şəffaf formada cərəyan etdiyi bir vaxtda bu təşkilat Azərbaycandan nə istəyir. Lakin nə istəməsindən asılı olmayaraq, bu təşkilatın Azərbaycandakı “fəaliyyəti” “bəhrə”sini verməyəcək. Onun Azərbaycanda narazılıq yaratmaq, dövlətlə xalq arasına girmək kimi uğursuz cəhdləri elə öz fəaliyyəti kimi uğursuz da qalacaq.

Siyasət 2023-10-03 21:03:00