Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ulu Öndərin adı ilə bağlıdır
Zaqatala, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar oktyabrın 3-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun fəal qadınlarının iştirakı ilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda toplantı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Ulu Öndərin Azərbaycan qadınlarına verdiyi yüksək qiymət” adlı videoçarx nümayiş olunub.
Toplantını Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova açaraq, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilib, onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olub. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilib. Məhz Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib, bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüququ bazası yaradılıb.
Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, bu gün Zaqatala qadınları rayonun ictimai-siyasi həyatında fəal rol oynayır, rəhbər vəzifələrdə, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əzmlə çalışırlar. Rayonda yaşayan 66 minədək qadının 35 mindən çoxu iqtisadi fəal qadındır.
Toplantıda Zaqatala Poçt Filialının rəisi Namidə Süleymanova, Təhsil sektorunun müdiri Kəmalə Əhmədova, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Tamara Nurəliyeva, Yengiyan kənd bələdiyyəsinin sədri Xuraman Şabanova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova, Zaqatala Qadın Resurs Mərkəzinin əlaqələndiricisi Tamella Mirzəyeva çıxış edərək, Azərbaycan qadının cəmiyyətdəki yeri və rolu barədə danışıblar.
Tədbirdə, eyni zamanda, rayon qadınlarının müraciət və təklifləri dinlənilərək qeydə alınıb, Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək nümayəndələr seçilib.
Energetika naziri Şabranda vətəndaşlarla görüşəcək
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Qazaxda vətəndaşlarla görüşəcək
Xaçmazda qəzada ölən motosiklet sürücüsünün kimliyi müəyyənləşib
Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib