×
A
A
A
Sazlamalar

Dünyaya qəbul etdirilən Azərbaycan həqiqəti - Açıqlama

Bakı, 29 sentyabr, AZƏRTAC
Tariximizin ən şanlı və qürurlu günlərini yaşayırıq. Son iki yüz illik faciə və məğlubiyyət tariximizi sevinc və qələbə ilə əvəzləyən Zəfər savaşımız ilə başa çatdı. Qondarma "Artsax" respublikası rəsmən özünü buraxdığını elan etdi. 1923-cü ildən bəri Qarabağı zorla Azərbaycandan qoparmaq üçün ermənilərin başlatdığı hərbi, siyasi, ideoloji və informasiya müharibəsi Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan 100 il davam edən anti-Azərbaycan erməni hərəkatını öz “Dəmir yumruğ”u ilə məhv etdi. Qarabağ bütöv, həm də məhz bizim arzu etdiyimiz şəkildə azad olundu. Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, Prezident İlham Əliyevin çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz uğurudur, zəfəridir. 2020-ci ilin 10 noyabrında əldə edilən Zəfər tamamlandı və suverenliyimiz tam bərpa olundu. Dövlətimizin başçısı həm prezident kimi diplomatik müstəvidə, həm də Ali Baş Komandan kimi hərb meydanında “nəyi nə vaxt etmək lazım olduğunu” hamıdan yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.
Bildirib ki, İkinci Qarabağ müharibəsindəki Qələbəmizi ötən üç il ərzində istər diplomatik masada, istərsə də hərb meydanında möhkəmləndirən Azərbaycan həmin tarixi Zəfərini tam yekunlaşdırmış oldu. Mənfur düşmənin Zəfərdən sona imzalanmış üçtərəfli Bəyanatın heç bir şərtinə əməl etmədiklərini hər gün görürdük. Daima Azərbaycan tərəfini təhdid edib, Xankəndi və ətraf bölgələrdəki dinc erməni sakinlərini sipər edərək, həmin ərazilərə durmadan xarici havadarlarının dəstəyi ilə silah-sursat və ağır texnika toplamaqla məşğul olublar. İşğaldan azad olunmuş, minalardan təmizlənmiş ərazilərimizə diversiya-terror qruplaşmalarının əli ilə yenidən minalar basdırmaqdan vaz keçməyiblər. Nəhayət ki, Füzuli yolunda minaya düşən polislərimizin şəhadət xəbəri artıq hamımızın səbrini daşırdı. Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir günün tamamına dəqiqələr qalmış Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarmağı bacardı. Azərbaycan Ordusunun dəqiqliklə icra etdiyi lokal antiterror tədbirləri qarşısında ağ bayraq qaldırmağa məcbur olan Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki silahlı birləşmələri bununla da Azərbaycanın Qarabağ ərazisində rus sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında möhkəmlənməyə çalışan, beynəlxalq ermənipərəst qüvvələrin dəstəyi ilə Azərbaycan ərazisində özünə legitimlik qazanmaq istəyən separatçıların sonunun çatdığı dəqiqləşmiş oldu.
“Azərbaycan 44 günlük müharibə, üç illik diplomatik gedişləri və antiterror əməliyyatları ilə təkcə 30 illik işğala son qoymadı, həmçinin Cənubi Qafqazın da geosiyasi xəritəsində çox önəmli dəyişiklərin əsasını qoydu. Yaranmış yeni geosiyasi realıq Bakıya Qarabağ üzərində suveren hüquqlarını təmin edilməsinin açarı oldusa, qondarma rejimin özünü buraxması və yaranan yeni geosiyasi reallıq Azərbaycanın növbəti mərhələdə qarşısında duran məsələlərin həllində də açar rolunu oynadı. Azərbaycan Prezidenti müdrik, təmkinli, ədalətli mövqeyi ilə həm Qərbi, həm də Ermənistanın baş nazirini həqiqəti qəbul etməyə məcbur etdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdılar, separatçı xunta rejimi tarixin arxivinə göndərildi. Konkret sərhədlərin delimitasiyası və demarkasiyası isə Azərbaycanın təqdim etdiyi və lazım bildiyi xəritələr üzrə aparılacaq. Artıq Cənubi Qafqazın geosiyasi mənzərəsi xeyli dərəcədə Azərbaycanın diplomatik addımlarından asılıdır. Azərbaycan Türkiyə ilə birgə regionda sülh və barış üçün ciddi işlər görür. Bunun uğurlu olacağına qətiyyən şübhə yoxdur. Azərbaycan xalqı 3 il əvvəl Ordusunun və dövlətinin ətrafında necə sıx, bir yumruq kimi birləşmişdisə, bu gün ondan da güclü, ondan da inamlı şəkildə istənilən əmri icra etmək üçün zamanından və məkanından asılı olmayaraq hər biri Vətənin müsəlləh əsgərinə çevrilə biləcəyini dünyaya nümayiş etdirdi. Artıq hər kəs üçün qəti olaraq bəllidir ki, Azərbaycan Dövləti, Prezidenti, Xalqı, Ordusunun heysiyyətinə toxunmağın cavabı çox ağır olur”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.

Siyasət 2023-09-29 02:47:00