×
A
A
A
Sazlamalar

Hüquq və İnsan Haqları İnstitutu Sumqayıtda hüquqşünaslar üçün növbəti təlim təşkil edib

Sumqayıt, 28 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Hüquq və İnsan Haqları İnstitutu sentyabrın 28-də Avropa Şurasının dəstəyi ilə Sumqayıt Apellyasiya Məhkəməsində “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçirib. Təlimdə ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar və Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev iştirakçıları salamlayaraq, bu cür təlimlərin hüquqşünasların praktiki fəaliyyəti üçün çox faydalı olduğunu vurğulayıb.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimçi ekspertlər və müxtəlif dövlət qurumlarının hüquqşünasları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yaradılan şəraitə görə təşəkkürünü bildirib. Sədr institutun fəaliyyət istiqamətləri barədə, həmçinin görüləcək işlər və qarşıda duran hədəflərlə bağlı təlim iştirakçılarına ümumi məlumat verib. Eyni zamanda, Avropa Məhkəməsinin ölkəmizə qarşı çıxardığı qərarlar və Sumqayıt ilə əlaqəli statistikanı iştirakçılarla paylaşıb.
Daha sonra təlimçi ekspert Vüsalə Muradxanlı “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimat ilə çıxış edib.
Hüquq eksperti Vəfaddin İbayev Azərbaycana qarşı qəbul olunmuş qərarlarda aşkar edilmiş pozuntular və onların aradan qaldırılması yolları, məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib.
Müzakirələr zamanı prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunub.
Mövzu ətrafında kazusların həlli qrup şəklində işlənilib, suallar təlimçi ekspertlər tərəfindən cavablandırılıb.
İştirakçılara sertifikatlar təqdim edilib.

Regionlar 2023-09-28 16:23:00