×
A
A
A
Sazlamalar

Dövlətyarlı kəndi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq

Füzuli, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də “ağıllı kənd” və “ağıllı şəhər”lərin tikintisidir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək. Zəngilan rayonunun Ağalı kəndindən sonra növbəti belə kənd Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Füzuli rayonunun Dövlətyarlı kəndində tikiləcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcraçı direktorunun müavini Səbuhi Abdullayev deyib.
O bildirib ki, işğaldan azad edilmiş Füzuli rayonunun Dövlətyarlı kəndində layihələndirilmə işləri yekunlaşmaq mərhələsindədir. Bir ay ərzində torpaq işlərinə başlanılacaq. Dövlət satınalmaları proseduru artıq işə başlayıb. Kənd ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq.
Onun ərazisi əhalinin perspektiv inkişafı nəzərə alınmaqla yalnız mövcud olan Dövlətyarlı kəndinin əvvəlki ərazisində deyil, bir qədər şimala doğru genişləndirilib. Ümumilikdə, “Ağıllı kənd”in ərazisi 323 hektar sahəni əhatə edir. Birinci növbədə 450 evin yerləşdiyi ərazinin layihələndirilməsi nəzərdə tutulub. Bu ərazi isə 137,1 hektar təşkil edir. Həmin ərazidə ilkin olaraq xeyli sayda istismara yararsız müxtəlif təyinatlı dağılmış tikililərin sökülərək yerində müasir tələblərə cavab verən, izolyasiyalı müasir tikinti materiallarından istifadə olunmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri, 1 və 2 mərtəbəli sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün qeyri-yaşayış binalarının, uşaq bağçalarının və məktəb binalarının tikintisi planlaşdırılıb.
Səbuhi Abdullayev bildirib ki, kəndə ilkin olaraq köçürüləcək ailələrin mənzillə təmin edilməsi üçün 150 ədəd 2 otaqlı, 150 ədəd 3 otaqlı, 100 ədəd 4 otaqlı, 50 ədəd 5 otaqlı olmaqla 450 ədəd fərdi yaşayış evləri tikiləcək. Bu evlərin hər biri üçün sahəsi 0,12 hektar olan həyətyanı torpaq sahəsi nəzərdə tutulub. Bundan başqa, ev quşlarının və təsərrüfat alətlərinin saxlanılması üçün hər evin həyətində sahəsi 16 kvadratmetr olan təsərrüfat tikilisi (anbar və hin) sakinlərin ixtiyarına veriləcək.
Birinci mərhələ başa çatdıqdan sonra əlavə 300 ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu evlərdə yaşayanlar yüksəksürətli internetdən istifadə edəcəklər. "Ağıllı kənd"də İKT geniş istifadə olunduğundan məlumatların təhlükəsizliyi və gizliliyinə xüsusi diqqət yetiriləcək, sakinlərə İKT avadanlıqlarından istifadə mütəmadi olaraq öyrədiləcək. Onlar kəndin idarəedilməsində də yaxından iştirak edəcəklər.
Onun sözlərinə görə, ərazidə sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün 16 ədəd 1 mərtəbəli, 4 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası tikiləcək. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcud olacaq.
“Sakinlərin məktəbəqədər təhsil müəssisələrinə olan tələbatın ödəmək üçün isə 120 yerlik uşaq bağçasının tikintisi planlaşdırılıb. Uşaq bağçasının həyətində hər qrup üçün ayrıca oyun meydançası, kölgəlik və ümumi oyun meydançası da layihələşdirilib. Ümumtəhsil məktəbinə olan tələbatı ödəmək məqsədilə 360 yerlik orta məktəb binası tikiləcək. Məktəb binasında müasir tələblərə cavab verən geniş və işıqlı sinif otaqları, kitabxana, akt zalı, yeməkxana, qapalı idman zalı və həyətində geniş açıq idman meydançası yaradılacaq. Kənddə, həmçinin sosial xidmətlər üçün sahələr, aptek və tibb (Ailə Sağlamlıq Mərkəzi) məntəqəsi də nəzərdə tutulub”, - deyə S.Abdullayev əlavə edib.

Regionlar 2023-09-28 16:19:00