×
A
A
A
Sazlamalar

AYİB ADY-nin infrastruktur layihələrinin maliyyələşdirilməsinə hazır olduğunu bəyan edib

Bakı, 28 sentyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) infrastruktur üzrə baş bankiri Yelena Qordeya arasında görüş keçirilib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barədə müzakirələr aparılıb.
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin nəqliyyat infrastrukturunun modernizasiyası üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayan ADY sədri, 2017-2021-ci illərdə Bankın dəstəyi ilə dəmir yollarında elektrik təsərrüfatının optimallaşdırılması və enerji səmərəliliyi məqsədilə reallaşmış texniki məsləhət layihəsinin əhəmiyyətini qeyd edib.
Sədr R.Rüstəmov həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycan 2030: Milli Prioritetlər proqramının “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” istiqamətləri üzrə görülən işlər, o cümlədən ADY-nin bu yaxınlarda BMT-nin Qlobal Sazişinə üzv olması ilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq təşəbbüsü barədə ətraflı məlumat verib.
AYİB-nin rəsmi nümayəndəsi də öz növbəsində gələcəkdə ADY-nin infrastruktur layihələrinin maliyyələşdirilməsinə hazır olduğunu bildirib.

İqtisadiyyat 2023-09-28 15:27:00