Şanxayda “Bir kəmər, bir yol” ölkələrinin media və biznes nümayəndələrinin birgə konfransı keçirilib
Şanxay, 28 sentyabr, AZƏRTAC
Çinin Şanxay şəhərində “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı (BREİP) platformasının və Şanxay sahibkarlarının birgə konfransı keçirilib.
Çinin Sinxua xəbər agentliyi və Şanxay Şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan tədbirdə bir sıra ölkələrin şirkətlərinin, KİV və beyin mərkəzlərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
AZƏRTAC 2019-cu ildə Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan BREİP-in həmtəsisçilərindən biridir. Təşkilat dünyanın hər yerindən iqtisadi mövzuda xəbərlərin toplanması və yayımı fəaliyyətini həyata keçirir.
Konfransda Sinxua agentliyinin prezidenti Fu Hua və Şanxay meri Qonq Jenq iqtisadi imkanların genişləndirilməsi üçün ölkələr arasında əlaqələrin intensivləşməsinə böyük ehtiyacın olduğunu bildiriblər. Bu istiqamətdə mətbuatın imkanlarının geniş olduğu diqqətə çatdırılıb və BREİP platformasının bu məqsədlərə xidmət etdiyi vurğulanıb.
Konfransda platformanın üzvləri “BREİP trip” proqramına start verilməsi mərasimində iştirak ediblər. Proqram vasitəsilə dünya ölkələrinin turizm potensialı, iqtisadi göstəriciləri, biznes mühiti və digər məlumatlar əldə etmək olar.
Tədbirdə “Bir kəmər, bir yol” ölkələrində maliyyə sabitliyi və davamlı inkişaf, yaşıl iqtisadiyyatın təşviqi kimi mövzular ətrafında müzakirələr aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi COP28 konfransının Nazirlər Toplantısında təmsil olunub
Ötən ay 14 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Nazir: Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir
FAO: Kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensial var