×
A
A
A
Sazlamalar

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirilib VİDEO

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar bu ölkədə tədbir təşkil edib, eləcə də “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatını keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Pakistan Senatının Müdafiə komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, eləcə də bu ölkənin müxtəlif beyin mərkəzlərinin, universitetlərinin və KİV-lərinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan Dövlət himnləri səsləndirilib.
Sonra 44 günlük Vətən müharibəsini, Prezident İlham Əliyevin xalqa müraciətlərini, Azərbaycan xalqının Qələbə sevincini, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarını əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən səfir Xəzər Fərhadov 44 günlük Vətən müharibəsindən söhbət açıb. Səfir Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünə 44 gündə son qoyduğunu və ərazi bütövlüyümüzü təmin etdiyini diqqətə çatdırıb.
Diplomat müharibənin 2020-ci ildə başa çatmasına baxmayaraq, son 3 il ərzində Ermənistan tərəfindən törədilmiş çoxsaylı təxribatlardan danışıb və 300-dən çox azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayıb.
X.Fərhadov bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu bildirib. Səfir, həmçinin Azərbaycan tərəfindən bölgədə sülhün bərqərar edilməsi, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası barədə atdığı addımlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb.
X.Fərhadov azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini xüsusi vurğulayıb, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunduğunu diqqətə çatdırıb.
Azərbaycan-Pakistan münasibətlərinə toxunan diplomat rəsmi İslamabadın Pakistanın Azərbaycana istər Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə, istərsə də Vətən müharibəsi zamanı göstərdiyi dəstəyi vurğulayıb, bu ölkənin Hökumətinə və xalqına təşəkkür edib.
Səfir çıxışında, həmçinin Qərbi Azərbaycan İcmasının yaranma tarixindən və fəaliyyətindən söz açıb, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulmasından danışıb, onların geri qayıtmaq hüquqlarının təmin edilməli olduğunu diqqətə çatdırıb.
Sonra “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub.
X.Fərhadov kitab haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud və Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Torpaqlarımızın işğaldan azad edilməsinin təkcə Azərbaycanın deyil, həm də ədalətin və beynəlxalq hüququn qələbəsinin olduğu diqqətə çatdırılıb.
Çıxışçılar ölkəmizə səfərlərini xatırlayaraq, iki qardaş ölkə arasındakı səmimi münasibətlərdən danışıb, Pakistanın daim Azərbaycanı bütün platformalarda dəstəkləyəcəyini qeyd ediblər.
Sonda “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabları qonaqlara təqdim olunub.

Siyasət 2023-09-28 01:35:00

Video