Azər Bağırov: Yayda bəzi klublar Türkiyədə hazırlaşanda biz Bakıda yoxlama məşqləri edirdik
Bakı, 26 sentyabr, AZƏRTAC
“Tam səmimi deyim ki, komandamın geridə qalan yeddi turdakı çıxışından çox razıyam. Yalnız “Sumqayıt”la matçın ilk hissəsində zəif oynamışıq. Qalan görüşlərdə isə futbolçularımız meydanda mən istədiyimdən daha artığını ediblər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov komandasının Azərbaycan Premyer Liqasındakı çıxışını şərh edərkən deyib.
Komandanın çox qısa vaxtda formalaşdırıldığını bildirən 39 yaşlı mütəxəssisin sözlərinə görə, yayda bəzi klublar Türkiyədə hazırlıq keçəndə “Araz-Naxçıvan” Bakı Olimpiya Stadionunda 10-12 nəfərlə yoxlama məşqləri edirdi: “Amma bu gün komandamız haqqında müsbət fikirlər səsləndirilir. Bu isə bizi sevindirməyə bilməz. Düşünürəm ki, futbol ictimaiyyəti də bizim oyunumuzu yüksək qiymətləndirir”.
Şəxsi məşqçilik keyfiyyətlərindən də söz açan A.Bağırov özü haqqında çox danışmağı xoşlamadığını vurğulayıb: “İllərlə bu gün üçün çalışmışam, əziyyət çəkmişəm. Düşünürəm ki, bundan sonra da qarşıma qoyulan məqsədləri yerinə yetirəcəyəm. Mənə elə gəlir ki, idmanın içində olan hər kəsin öz ideyaları, düşüncələri var. Mənim də qarşımda müəyyən hədəflər durur. Onlara çatmaq üçün yorulmadan işləyəcəyəm. Heç bir halda arxayınlaşma yoxdur. Əksinə, uğur gəldikcə, daha çox çalışmaq istəyirsən”.
O bildirib ki, uduzmağı sevməyən, eyni zamanda məğlubiyyəti qəbul etməyi və ondan nəticə çıxarmağı bacaran insandır: “Fikrimcə, səbirlə istənilən vəziyyətdən çıxmaq olar. Heç vaxt komandamın aşağı və ya yuxarı sıralarda olması barədə düşünməmişəm. Hər zaman qələbə haqqında fikirləşmişəm. Qalib gəlsək, onsuz da yuxarı pillələrdə olacağıq. Əlbəttə, uduza da bilərik. Bu, futbolun qaydasıdır. Məğlub olanda belə, nəticə çıxarmalıyıq ki, gələcək üçün böyük işlər görək”.
Premyer Liqanın VIII turunda “Zirə”yə qarşı keçirəcəkləri oyundan da danışan mütəxəssis matçın çətin olacağını əlavə edib: “Çünki rəqib hazırda turnir cədvəlinə başçılıq edir. Rəşad Sadıqovun illərdir formalaşdırdığı oyun üslubu var. “Zirə” yaxşı legionerləri olan komandadır. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Nəticəni isə oyun göstərəcək”.
Azərbaycan Kuboku: "Sabah" növbəti mərhələyə yüksəlib
Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzini qurma hüququna yiyələnib
Qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib
Səudiyyəli qonaq: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi