×
A
A
A
Sazlamalar

Ucarda “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Ucar rayonunda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Heydər Əliyev Fondu tərəfindən tikilmiş Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində baş tutub.
Əvvəlcə şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov çıxış edərək müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı yolunda misilsiz xidmətlər göstərdiyini və xalqımızın qəlbində əbədi heykəlini ucaltdığını bildiriblər. Qeyd edilib ki, milli təhsilimizin inkişafının ən böyük himayədarı olan, müəllim adını hər zaman uca tutan, uşaqların və gənclərin gələcəyinə yüksək həssaslıq göstərən Ulu Öndər rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda təhsilin bütün pillə və səviyyələri üzrə potensialın gücləndirilməsinə daim böyük diqqət və qayğı ilə yanaşıb. Bu gün əbədiyaşar liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” təşəbbüsü əsasında həyata keçirilən islahatlar ölkə təhsilinin inkişafına və rəqabətqabiliyyətliliyinin artırılmasına əhəmiyyətli töhfələr verir. Dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliği təhsil müəssisələrinin ən mühüm və şərəfli vəzifələrindən biridir. Bu baxımdan keçirilən seminar böyük əhəmiyyət daşıyır.
Ümummilli Liderimin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edən videoçarx izlənildikdən sonra məruzələr dinlənilib.
MDU-nun alimləri Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Namaz Manafov “Heydər Əliyevin ana dilimizin inkişafında tarixi xidmətləri”, Flora Namazova “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbir məktəbin istedadlı şagirdlərinin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, müasirləşməkdə olan MDU-nun regionda yerləşən təhsil müəssisələri ilə faydalı işbirliyinin gücləndirilməsi bu ali təhsil müəssisəsinin prioritet vəzifələri sırasındadır. 2023-cü il aprelin 20-də “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı məhz bu vəzifələrin effektiv həllinə hədəflənib.

Regionlar 2023-09-26 11:50:00