×
A
A
A
Sazlamalar

İqdır-Naxçıvan qaz xətti Muxtar Respublikanı etibarlı və dayanıqlı enerji ilə təmin edəcək - ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından, gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdu. Bu məsələ iki qardaş ölkə arasında müzakirə olundu və Azərbaycan və Türkiyə arasında 2020-ci il dekabrında İqdır-Naxçıvan qaz kəməri ilə bağlı Anlaşma memorandumu imzalandı. 2023-cü ilin fevral ayında Azərbaycanda səfərdə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə İqdır-Naxçıvan qaz kəmərinin çəkilişi məsələsini də müzakirə etdilər. İyun ayında qaz xəttinin çəkilişi ilə əlaqədar məsələlərin hüquqi çərçivəsi müəyyənləşdi və artıq boru kəmərinin çəkilişi gerçəkləşməyə başladı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. O qeyd edib ki, hazırda Naxçıvanın “mavi yanacağ”a tələbatı 2004-cü ildə İranla bağlanılmış svop müqaviləsi əsasında həyata keçirilir. “Hazırda Naxçıvana qaz İrandan verilir, Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə nəql etməklə barter edir. Yəni, İranda Naxçıvana qaz bu tranzit əlaqələndirməsi vasitəsilə aparılır. Qarşıdakı planda isə Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə “mavi yanacağ”ın verilməsi gündəmdir”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bunun səbəbi Azərbaycanın birbaşa özünün milli enerji konsepsiyasının hədəflərinə uyğun olaraq daha təhlükəsiz və etibarlı, rentabelli qaz nəqli siyasəti həyata keçirməsi ilə bağlıdır. Bu kəmərin çəkilişi Naxçıvana İrandan qaz verilməsini məhdudlaşdıracaq. Ancaq bu o demək deyil ki, İran və Azərbaycan qaz sahəsində əməkdaşlıq etməyəcək. Hər iki ölkə birgə qaz enerji xətti üzrə bölgədə enerjinin şaxələndirilməsində yaxından iştirak edəcək. Türkiyədən Naxçıvana qaz tədarükü isə qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
A.Hüseynov bildirib ki, kəmərin buraxılış gücü sutkada 1,5 milyon kubmetr təşkil edəcək. Layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikilib və bu stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək. İllik 500 milyon kubmetr qaz nəqli potensialı olan bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın qaz təminatı etibarlı və dayanıqlı şəkildə təmin olunacaq.

İqtisadiyyat 2023-09-25 18:55:00