×
A
A
A
Sazlamalar

Ekspert:Türkiyə Prezidentinin səfəri Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Türkiyə daim həssas zamanlarda dövlət rəhbəri səviyyəsində Azərbaycana dəstək verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya ilk səfər edən xarici ölkə rəhbəridir. Həmçinin Qarabağda həyata keçirilən uğurlu lokal antiterror tədbirlərindən sonra Azərbaycana ilk səfər edən dövlət rəhbəri məhz Rəcəb Tayyib Ərdoğandır.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib. Onun sözlərinə görə, bu baxımdan rəsmi Bakı və Ankaranın birliyi, həmçinin Azərbaycanın terrora qarşı apardığı mübarizənin aktual olduğu bir dönəmdə Türkiyə Prezidentinin səfəri ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir.
Ekspertin fikrincə, muxtar respublikada imzalanmış sənədlə Qars-Naxçıvan dəmir yolu xəttinin qurulması nəzərdə tutulur ki, bu da Zəngəzur dəhlizinin ən önəmli halqalarından biridir. O əlavə edib ki, bu səfər prosesin qarşısını almağa və Zəngəzur dəhlizini bloklamağa çalışan güclərə mesajdır.
T.Ismayılov vurğulayıb ki, Azərbaycan və Türkiyə Prezidentləri görüş zamanı ölkələrarası iqtisadi əlaqələri prioritet sahə kimi önə çıxardılar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bu ilin yeddi ayında ticarət dövriyyəsi daha 40 faiz artıb və artım davamlı olacaq. Prezident İlham Əliyev “bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəflənib. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb”, deyə bildirib
Bundan başqa, Tural İsmayılov qeyd edib ki, artıq türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılması da aktual məsələlərdəndir. Ekspertin fikrincə, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "3+3" platformasının bundan sonrakı taleyi də səfər zamanı masaya yatırılan əsas məsələlərdən biri ola bilər.

 

 

İqtisadiyyat 2023-09-25 18:43:00