“Səbail”in idman direktoru: Komandanın qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulmayıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Premyer Liqanın ilk turlarında əldə etdiyimiz nəticələr gözlənilməz oldu. Sonra komandamız yavaş-yavaş toparlandı və hər oyunda daha yaxşı çıxış etməyə başladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Səbail” klubunun idman direktoru Zamiq Hüseynov komandanın cari mövsümdəki çıxışı ilə bağlı danışarkən deyib.
O, mövsümlərarası fasilədə heyətin təxminən 85 faizinin dəyişdiyini bildirib: “Futbolçularımızın çoxu yenidir. Onlara zaman lazım idi ki, komandaya adaptasiya olsunlar. Uyğunlaşma prosesi keçdikdən sonra hər şey qaydasına düşdü. Amma hələ heç nə etməmişik. Birinci dövrə başa çatmadığı üçün çıxışlarımız barədə fikir söyləmək doğru olmaz. Mövsümün sonunda və ya qış fasiləsində nəsə deyə bilərik. Sadəcə, onu deyə bilərəm ki, komandamız oyundan-oyuna daha yaxşı təsir bağışlayır”.
“Səbail” komandasının baş məşqçisi Şahin Diniyev Premyer Liqanın VII turunda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında medallar uğrunda mübarizə aparmadıqlarını vurğulayıb. 57 yaşlı mütəxəssisin fikirlərinə münasibət bildirən klub rəsmisi onunla həmfikir olduğunu diqqətə çatdırıb: “Medallar uğrunda yarışmaq üçün bizə kifayət qədər vaxt lazımdır. Bu il əsas məqsədimiz yaxşı oyun nümayiş etdirmək və bacardığımız qədər çox xal toplamaqdır. Komandanın qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoyulmayıb”.
Qeyd edək ki, “Səbail” klubu yeddi turdan sonra 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib, idarə heyətinə yeni üzv seçilib
Azərbaycanı Avropa çempionatında 13 taekvondoçu təmsil edəcək
Azərbaycan paracüdoçuları Qran-Prini altı medalla başa vurublar
Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb
Dünya çempionu boks üzrə Azərbaycan birinciliyinə qələbə ilə başlayıb