×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi ikili diplom proqramı çərçivəsində Türkiyədə təhsil alacaq

Gəncə, 23 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universitesi arasında imzalanan müqaviləyə uyğun olaraq ikili diplom proqramı üzrə 2023/2024-cü tədris ilində biologiya ixtisası üzrə qəbul olan tələbə və onların valideynləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. İkili diplom proqramının üstünlüklərindən danışan rektor qardaş ölkənin nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını tələbələr üçün böyük şans adlandırıb və yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işlərdən söhbət açıb. Bildirilib ki, tələbələr beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə ilk iki tədris ilini Dokuz Eylül Universitesində, növbəti iki ili isə Gəncə Dövlət Universitetində təhsil alacaqlar.
Universitetin İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev proqramın təhsil sahəsində yaratdığı imkanlardan danışıblar.
Görüşdə qeyd edilib ki, ikili diplom proqramı üzrə biologiya ixtisasına qəbul olmuş tələbələr oktyabrın 2-dən Dokuz Eylül Universitesində təhsil almağa başlayacaqlar.
Tələbələr və onların valideynləri ikili diplom proqramının həyata keçirilməsinə dəstək göstərən universitet rektoruna təşəkkür ediblər.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2023-09-23 15:20:00