×
A
A
A
Sazlamalar

Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Dünyanın ən yüklənmiş hava limanlarından biri - Sinqapurun Çanqi aeroportu turistlərə pasportsuz səyahət imkanı təqdim edəcək.
AZƏRTAC “USA Today” qəzetinə istinadla xəbər verir ki, bu yaxınlarda Sinqapurda 2024-cü ilin ilk yarısında sərnişinlərə pasportsuz səyahət imkanı verən yeni qanun qəbul olunub. Çanqi hava limanında pasport əvəzinə Sinqapurdan uçan sərnişinlərin üzlərini tanıya biləcək biometrik texnologiyalardan istifadə ediləcək.
Çanqi aeroportu təkcə avqust ayında 5,15 milyon sərnişinə xidmət göstərib. Yeni terminalın inşası ilə əlaqədar turistlərin sayının artmağa davam edərək pandemiyadan öncəki səviyyəyə çatacağı gözlənilir. Sinqapurun immiqrasiya sistemi ölkənin təhlükəsizliyini təmin etmək şərti ilə gömrük nəzarətini tez bir zamanda həyata keçirərək artan turist axınının öhdəsindən layiqincə gəlməlidir.
Artıq Çanqi aeroportunun bəzi nəzarət-buraxılış məntəqələrində üztanıma sistemlərdən istifadə olunur. Biometrik texnologiyalar ABŞ-ın bir sıra aviakompaniyalarında və aeroportlarında da tətbiq edilir. Eyni zamanda, bu il Dubay aeroportlarının turistlərə pasportsuz səyahət imkanı yaratması gözlənilir .

 

 

Dünya 2023-09-22 14:07:00