×
A
A
A
Sazlamalar

Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası çərçivəsində Milli Məclisdə bir sıra ikitərəfli görüşlər olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkiyənin APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva dövlət başçılarımızın dostluğu sayəsində bu gün strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.
O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, insanların sevinclə öz doğma yurdlarına qayıtmasından söz açıb. Qənirə Paşayeva APA çərçivəsində və digər beynəlxalq qurumlarda deputatlarımızın birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, APA-nın komitə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Hüseynov, Türkiyə parlamentinin üzvü İlyas Topsakal iki ölkə arasındakı münasibətlərə dair fikirlərini səsləndiriblər.

X X X

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə ölkəmizin APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasındakı siyasi və parlamentlər səviyyəsindəki əlaqələrin yüksək səviyyədə olmasından danışıb. Qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və İndoneziya daim bir-birinin fəaliyyətini dəstəkləyirlər.
İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fardi Zon ölkələrimiz və parlamentlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi baxımından həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub. Azərbaycan ilə İndoneziya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan Fardi Zon, həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.
Daha sonra Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Mir Kamal Əlizadə qadınlar üzrə komissiya haqqında qətnamənin layihəsini təqdim edib və sənəd ətrafında müzakirələr aparılıb.

X X X

Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin bu ölkənin APA-dakı nümayəndə heyəti ilə görüşü də keçirilib.
Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkəmizdə keçirilən APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edən Tailand nümayəndə heyətinin üzvlərini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, bu istiqamətdə dostluq qruplarının rolunu xüsusi qeyd edib. Deputat, ölkələrimizin iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığının potensial imkanlarından bəhs edib.
Görüşdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rauf Əliyev müxtəlif idman növləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Tailand nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakul dövlətlərimizin ikitərəfli münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, eyni zamanda, parlamentlərarası əlaqələrin gücləndirilməsinin böyük önəm daşıdığını bildirib.
Söhbətdə APA-nın fəaliyyəti, nümayəndə heyətlərinin bu qurum çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı, digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

X X X

Qənirə Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak edən körfəz ölkələri olan Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə də görüşüb.
Görüşdə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün APA sədrliyinə namizədliyi, APA çərçivəsində Asiya qitəsində və dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.

Siyasət 2023-09-22 13:53:00