×
A
A
A
Sazlamalar

Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin daha güclü olduğunu bir daha göstərdi - ŞƏRH

Bakı, 22 sentyabr, AZƏRTAC
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olması bir daha onu göstərdi ki, Ermənistan terrorçu dövlətdir. Təəssüflər olsun ki, bəzi ikiüzlü dövlətlər erməni terroruna havadarlıq edir və ümidlər verərək bölgədə vəziyyəti gərginləşdirməyə çalışır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.
“Azərbaycan sentyabrın 19-da baş vermiş terror hadisəsinə cavab olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Azərbaycan bölgədə hər zaman sabitliyin olmasına tərəf olub. Ona görə də Vətən müharibəsindən sonra üç ilə yaxındır ki, səbir edirdi. Lakin törədilən son terror hadisəsi səbrimizi tükəndirdi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Şanlı Ordumuz lokal xarakterli antiterror tədbirlərinə başladı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Ordumuzun bölmələri qanunsuz erməni silahlı birləşmələrinə aid hərbi hədəfləri peşəkarlıqla darmadağın edərək mühüm əraziləri təmizlədi. Bununla da erməni separatçıları silahı yerə qoyaraq, Vətən müharibəsində olduğu kimi, ağ bayraq qaldırdılar. Danışıqlar üçün başqa ölkələrə yox, bizim təyin etdiyimiz yerə, yəni Yevlaxa gəldilər”, - dedi.
İctimai Birliyin sədri qeyd edib ki, antiterror tədbirlərinin ağır relyef, düşmən tərəfindən uzun illər görülmüş böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu, qarşı tərəfin mövqelərinin təpələrdə, əlverişli yerlərdə olması şəraitində keçirilməsi, hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərməsi, Azərbaycan Silahlı Qüvvələrinin XXI əsr hərbi əməliyyatlar nümunəsini ortaya qoyması ilə nəticələndi. Buna səbəb Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsi, ən müasir standartlara cavab verən peşəkar ordunun formalaşması və onun qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək bacarığında olmasıdır.

Müdafiə sahəsinə ayrılan xüsusi diqqət və yüksək səviyyədə keçirilən təlimlər nəticəsində ordumuz 44 günlük müharibə zamanı bütün dünyaya öz peşəkarlığını göstərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha təcrübəli və güclüdür. Antiterror tədbirləri bunu bir daha göstərdi. Düşmənin hakim yüksəkliklərdə olması, eyni zamanda, uzun illər böyük mühəndis qurğuları inşa etməsi antiterror tədbirlərinə çətinlik yaradırdı. Lakin təcrübəli və qəhrəman əsgərlərimiz bunun öhdəsindən peşəkarcasına gəldi.
B.Məmmədzadə əlavə edib ki, antiterror tədbirlərinin xarakteri mülki əhalinin və mülki obyektlərin hədəf götürülməməsi, yalnız hərbi hədəflərin sıradan çıxarılması və məhv edilməsi idi. Bunun nəticəsində mülki əhali heç bir zərər görmədi. Bu tədbirlər həm də ona görə çətinlik yaradırdı ki, erməni silahlı birləşmələri hərbi obyektləri mülki insanların arasında cəmləyirdi. Məqsəd dünyaya car çəkmək idi ki, Azərbaycan mülki əhalini hədəfə alır, amma niyyətləri baş tutmadı. Səs gücləndiricilərlə və başqa müxtəlif vasitələrlə mülki insanların təhlükəsiz yerə yönəldilməsi ilə hərbi obyektləri zərgər dəqiqliyi ilə peşəkarlıqla məhv etdilər. Nəticədə mülki əhalinin heç biri zərər görmədi.
“Azərbaycanın şərtləri qəbul edildi. Yəni Ermənistan ordusunun qanunsuz məskunlaşmış hərbi birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalıdır. Eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Güclü beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanın öz prinsipial mövqeyindən çəkinmədi və bütün strateji hədəflərə çatdı. İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıq, 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinin Ermənistan tərəfindən icra olunmaması vəziyyəti bu həddə gətirib çıxardı. Bütün bunlarla yanaşı, sentyabrın 9-da Qarabağda saxta “seçkilər”in keçirilməsi, saxta “prezident” seçilməsi, status məsələsinin yenidən gündəmə gətirilməsi, Azərbaycana güc nümayiş etdirmək cəhdi - Azərbaycan bütün bunları cavabsız qoya bilməzdi və cavab tədbirləri görməli idi. Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir”, - deyə B.Məmmədzadə vurğulayıb.

Cəmiyyət 2023-09-22 13:48:00