Agentlik rəsmisi: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yerli məhsullar hazırlanır
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırda yerli məhsulların hazırlanması ilə bağlı burada təhsil almış mütəxəssislərin dəstəyi və iştirakı ilə yerli məhsullar hazırlanır. Gələcəkdə biz artıq həmin məhsulların ölkədə müxtəlif şirkətlərdə, qurumlarda tətbiqini göstərəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Kibertəhlükəsizlik günləri" konfransı çərçivəsində jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müşaviri Şahin Əliyev deyib.
Şahin Əliyev vurğulayıb ki, sonra bu kibertəhlükəsizlik məhsulları xaricə ixrac ediləcək.
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas vəzifələrindən biri innovasiya ekosistemini Azərbaycanda inkişaf etdirmək, qurmaqdır.
Bu baxımdan Agentliyin reallaşdırdığı müxtəlif layihələri var. Bu sıraya "Technest" təqaüd proqramı, Tecnion Universiteti ilə birgə təsis olunmuş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislərin inkişaf etdirilməsi, hazırlanması daxildir. Həmçinin Azərbaycanda kibertəhlükəsizliyin bir mədəniyyətə çevrilməsi ilə bağlı işlər görülür. Bu məsələ 2022-2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiyada da əksini tapıb ki, yerli məhsulların hazırlanmasını təşviq etməliyik", - deyə Şahin Əliyev bildirib.
Ş.Əliyev xatırladıb ki, Azərbaycanda bu yaxınlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə milli Strategiya qəbul olunub. Bu Strategiyada ölkənin gələcək dövrdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə inkişafını təmin etmək üçün Tədbirlər Planı müəyyənləşdirilib. "Bu gün iştirak etdiyimiz tədbir də həmin Strategiyanı dəstəkləyən tədbirlərdən biridir. Son zamanlar istər dövlət qurumları, istər özəl şirkətlər tərəfindən belə tədbirlər artıq çox sayda həyata keçirilir. Xüsusilə "Prosol" şirkətinin mütəxəssislərin yetişdirilməsində, bu sahədə xidmət və məhsulların təqdimatında, istərsə bu tip tədbirlərin keçirilməsində xüsusi önəmi var. Bu tədbirdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu tədbirdə tərəfdaş kimi çıxış edir. Burada ölkədə bu sahədə mövcud problemlər, inkişaf etdirilməsi vacib olan məsələlər, strateji layihələr müzakirə olunur. Strategiyaya uyğun addımların atılması ilə bağlı tədbirlər görülür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də bu Strategiyanın həyata keçirilməsində rol alan qurumlardan biridir", - deyə Ş.Əliyev əlavə edib.
“PAŞA Holding”in təşkil etdiyi İnmerge İnnovasiyalar Sammitinin ilk günündə nələr baş verdi?
AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi
Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək