×
A
A
A
Sazlamalar

“Azərxalça” ilə AZCHEMCO gübrə istehsalı şirkəti əməkdaşlıq edəcək

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azərxalça” və gübrə və bitki mühafizə vasitələrinin istehsalı ilə məşğul olan AZCHEMCO şirkəti milli-mədəni dəyər olan xalçalarımızın məşhurlaşdırılması sahəsində birgə əməkdaşlığa başlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərxalça” ASC tərəfdaşlıq çərçivəsində AZCHEMCO şirkətinin emblemi əks olunan məhdud sayda xalçalar istehsal edəcək. Şirkət gələcəkdə bu xalçaları aralarında iri beynəlxalq şirkətlərin və assosiasiyaların da olduğu tərəfdaşlarına təqdim etməyi planlaşdırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış “Azərxalça” ASC-nin əsas vəzifələri xalçaların və xalça məmulatlarının istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən ibarətdir. Bu qədim xalq sənətinə bağlılıq xalçaların toxunması kimi yaradıcı bir prosesə dərin ehtiramı simvolizə edən və əl işi olan xalçaların toxunması, ruhu ehtizaza gətirən şeir nümunələrinin yazılması və misli-bərabəri olmayan kulinariya nümunələrinin hazırlanması prosesini tərənnüm edən “Əllərinizə sağlıq” ifadəsi ilə səsləşir.
“AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğun dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahələrində layihələrin icra edilməsini həyata keçirir.
Şirkətlərin bu təşəbbüsü milli sərvətimiz olan Azərbaycan xalçalarının tanıdılmasının yaxşı üsuludur.

 

Mədəniyyət 2023-09-22 12:39:00