×
A
A
A
Sazlamalar

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 1,4 kilometr nov kanal cari təmir edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Saatlı Suvarma Sistemləri İdarəsi suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılması üçün kanalları lildən təmizləyir. Uzunluğu 267 kilometr olan suvarma kanallarında 635 min kubmetr mexanizmlə lildən təmizlənmə işi görülüb. Uzunluğu 139 kilometr olan kollektor-drenaj şəbəkəsində isə 405 min kubmetr mexanizmlə lildən təmizlənmə işləri həyata keçirilib. Həmçinin Araz çayında nasos stansiyaların yanında 184 min kubmetr məcratəmizləmə işləri mexanizmlərlə yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. O qeyd edib ki, idarə rayon əhalisinin əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatlarını, başqa köməkçi təsərrüfatları da suvarma suyu ilə təmin edir. Rayon ərazisində suvarma 17856 hektara qədər sahə mexaniki üsulla, 49 ədəd nasos stansiyası vasitəsilə yerinə yetirilir.
Dilqəm Şərifov əlavə edib ki, bu il Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 136 ədəd hidrotexniki qurğu, 2 ədəd xidməti bina, 2 ədəd nasos stansiyası, 1,4 kilometr nov kanal cari təmir edilib.
İdarənin balansında olan əkin sahələrinin 19767 hektarına taxıl, 13553 hektarına yem bitkiləri, 12624 hektarına pambıq, 316 hektarına qarğıdalı, 2573 hektarına bostan-tərəvəz əkilib. Qalan sahələrdə isə digər bitkilərin əkini həyata keçirilib.
Qeyd edək ki, Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən Əlisoltanlı kənd ərazisində 1 aqreqatlı nasos stansiyanın, Yeni Novruzlu, Mustafabəyli və Bəylik kəndlərinə xidmət edən nov kanalın 1 kilometr hissəsi, Yeni Novruzlu kəndinin həyatyanı sahələrinə xidmət edən nasos stansiyası, Mircəlal və Gomuşçu kəndləri ərazisində kollektorlardan keçən borulu keçidlər əsaslı təmir olunub.
Saatlı Suvarma Sistemləri İdarəsi 60000 hektardan artıq suvarma şəbəkəsi ilə əhatə olunmuş sahəyə xidmət edir.

 

Regionlar 2023-09-22 10:17:00