×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin xalqa müraciəti və Azərbaycanın antiterror tədbirləri Rusiya KİV-inin diqqət mərkəzindədir

Moskva, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri və Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti Rusiya mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın dövlət TASS agentliyinin materiallarında Prezident İlham Əliyevin xalqa müraciətində antiterror əməliyyatından sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığı barədə fikirləri yer alıb. Agentlik dövlət başçısının Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə dediklərini diqqətə çatdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib.
“Qazeta.ru” nəşri Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olduğunu yazır. Nəşr xatırladır ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.
“NTV” telekanalı Azərbaycan Prezidentinin Qarabağda aparılan əməliyyatın tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirir. Materialda qeyd olunur ki, qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, onlardan müsadirə olunan texnika məhv ediləcək.
“RBK” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə geniş yer ayırıb, dövlət başçısının Qarabağın erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşün şahidi olacağı barədə dediklərini vurğulayıb. Agentlik Prezident İlham Əliyevin “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur” fikirlərini oxucularının diqqətinə çatdırıb.
“Life” internet nəşri qeyd edir ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Nəşr Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, terroristlər onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar.
“Kommersant” qəzeti Prezident İlham Əliyevin xalqa müraciətini ətrafı işıqlandırıb. Nəşr dövlət başçısının müraciətində Ermənistan hakimiyyətinin siyasi səriştə göstərməsi və bunun Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyi barədə fikirlərinə yer ayırıb. Nəşrin digər materialında qeyd olunur ki, hazırkı antiterror əməliyyatından sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir. İndi bölgəyə çoxlu sərmayələr, o cümlədən Qərbdən investisiyalar qoyulacaq. “Sual olunur: oyunun qaydalarını kim müəyyənləşdirəcək, həm siyasi, həm də iqtisadi dividendləri kim alacaq. Görünür sualın cavabını Bakı və Ankarada axtarmaq lazımdır”, - deyə məqalədə vurğulanır.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-09-21 20:05:00