Şirvanda tədbir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır
Şirvan, 21 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
“Heydər Əliyev İli“ çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və bu şəhərdəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb. Sonra konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib və bu tarixi müqavilənin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil olub.
Sonra “Heydər Əliyev və Azərbaycanda neft strategiyası”ndan bəhs olunan film nümayiş etdirilib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov çıxışında bildirib ki, sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoyub. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olub. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır.
Digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli Liderin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrdən Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə Ümummilli Lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilib.
Sonda “Əsrin müqaviləsi”nin 29-cu ildönümü və 20 sentyabr - Neftçilər Günü münasibətilə neft sənayesində uğurlu fəaliyyətinə görə bir qrup neftçiyə Fəxri fərmanlar təqdim edilib.
"Azəristiliktəchizat” rəsmisi Neftçala və Salyan sakinlərini dinləyəcək
Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb
Sumqayıtda yol qəzasında həyatını itirən şəxsin kimliyi məlum olub