Siyasi ekspert: Bundan sonra Qarabağda yaşayan erməni sakinlər üçün də əmin-amanlıq dövrü başlayacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Bütün münaqişə dövründə, xüsusən də son üç ildə - 2020-ci il noyabrın 10-dan sonra Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması, regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsinə çalışıb. Lakin havadarlarına arxalanan Ermənistan və Qarabağda olan beyinləri faşist ideologiyası ilə zəhərlənmiş qanunsuz rejim və separatçı tör-töküntüsü daim aqressiv və qəsbkar davranışları ilə hər kəsə meydan oxumağa çalışırdı. Son aylar isə proses tamam başqa müstəviyə keçməyə başladı. Ermənistan rəhbərliyinin qısa bir müddət davam edən nisbətən yumşaq, dövlətlərin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlıq prinsipinə söykənən sülhniyyətli mövqeyi, birdən-birə “qisasçılıq”, “hərb” ritorikası ilə əvəzləndi. Fransanın guya Ermənistanı və erməni xalqını müdafiə edirmiş kimi görünən fəaliyyəti əslində regionda gərginliyi artırmaq, öz maraqlarını reallaşdırmaq, Cənubi Qafqaz regionunda yerləşmək idi. Fransanın daha çox məhz Ermənistana, erməni xalqına ciddi ziyan verən bu fəaliyyətindən “ruhlanan” revanşist, terrorçu və separatçı qüvvələr daha da azğınlaşmağa başladı. Bütün tarix boyu olduğu kimi, indi də erməni silahlıları mərd-mərdanə, üzbəüz deyil, xain, naqis bir üsula əl ataraq, arxadan zərbə vurmağa, terror aktları törətməyə başladılar. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək 300 nəfərdən çox azərbaycanlı mina qurbanı olub.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli söyləyib.
Onun sözlərinə görə, “humanitar fəlakət” şousu fiaskoya uğradıqdan, Laçın yolunda buraxılış məntəqəsi qurulduqdan sonra əlləri hər yerdən üzülən, hiyləgər və riyakarlıqla heç nəyə nail ola bilməyən daşnakların gözlərini tamamilə qan bürüdü, “bacardıqları ən yaxşı işi” – terror aktlarını (həm də dinc insanlara qarşı) daha da intensivləşdirdilər. Sentyabrın 19-u Qarabağda insan itkisi ilə nəticələnən mina partlayışının terror aktı olduğu Azərbaycan tərəfindən bəyan edildi.
“Üç ilə yaxın dövr ərzində tezliklə sülhün bağlanmasına çalışan və buna görə də Ermənistanın və Qarabağda olan qeyri-qanuni rejimin bütün hoqqabazlığına, mənfur xislətindən doğan əməllərinə səbirlə dözən Azərbaycan qəti addımlar atmaq məcburiyyətində qaldı. Sentyabrın 19-da, terror hadisələrindən bir qədər sonra Qarabağdakı qanunsuz silahlı birləşmələrin, terrorçuların zərərsizləşdirilməsi, erməni sakinlərin özünü belə əsarətdə və girovda saxlayan xunta rejiminin ləğv edilməsi məqsədilə Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri görməyə başladı.
Əlbəttə biz düşmənimizi yaxşı tanıyırıq, əminəm ki, əlindən başqa bir iş gəlməyən erməni tərəfi öz ampluası daxilində rəftarını davam etdirəcək, yenə də şər-böhtan, qarayaxma kampaniyası apararaq, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldatmağa cəhd edərək, Azərbaycana qarşı ittihamlar irəli sürəcək. Səhnələşdirilmiş müxtəlif videolar, məlumatlar və sair paylaşılacaq - İkinci Qarabağ müharibəsinin təcrübəsi bunu sübut edir. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Xüsusilə həqiqəti görmək, eşitmək istəməyən bütün mənəvi “korların”, “karların” diqqətinə çatdırmaq lazımdır ki, həyata keçirilən antiterror tədbirlərinin məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda törədilən təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun məhv edilməsi, mina terroruna son qoyulması, terrorçuların zərərsizləşdirilməsi və qanunsuz silahlı birləşmələrin tərk-silah olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsidir”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.
O qeyd edib ki, Azərbaycan xalqı bu tədbirlərin görülməsini uzun illər idi səbirsizliklə gözləyirdi. Antiterror tədbirləri uğurla başa çatdı. Bundan sonra nəinki Azərbaycan xalqı üçün, həmçinin Qarabağda yaşayan erməni sakinlər üçün də əmin-amanlıq dövrü başlayacaq. Uzun illər Qarabağda xunta rejiminin girovuna çevrilmiş sadə ermənilər azadlığa qovuşacaq, normal, sakit və daha yaxşı həyat yaşaya biləcəklər. Bu, həm də bütövlükdə regionun təhlükəsizliyi üçün bir zəmin yaradacaq.
GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılıb
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir
Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub
Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib
Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY