×
A
A
A
Sazlamalar

Qərbi Azərbaycan İcması ABŞ rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatlarından narahatlığını bildirib

Bakı, 20 sentyabr, AZƏRTAC

Biz Qərbi Azərbaycan İcması olaraq Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatlığımızı bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri İcmanın məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir”.
Diqqətə çatdırılıb ki, ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir.
“Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”, - deyə bəyanatda vurğulanıb.

Siyasət 2023-09-20 14:05:00