×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasının iclasında bir sıra məsələlərə baxılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın bu il mayın 26-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı məsələyə baxılıb.
Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki dairələri üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılmasını təmin edir, bu məqsədlə ardıcıl və sistemli tədbirlər görür, mütəmadi olaraq seçki dairələrinin sxemi və onun qrafik təsvirini nəzərdən keçirir, qanunvericiliyin tələblərini rəhbər tutaraq lazımi addımlar atır.
Seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması üçün hüquqi əsaslar yaranıb.
Bununla əlaqədar olaraq seçki qanunvericiliyinin sözügedən tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya da qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması ilə bağlı təklifləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
İclasda həyata keçirilən əhatəli fəaliyyət barədə ətraflı məlumat verilib, Mərkəzi Seçki Komissiyası üzvlərinin geniş və hərtərəfli müzakirəsindən sonra Seçki Məcəlləsinin tələblərinə və yuxarıda qeyd edilənlərə uyğun olaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi və seçki dairələrinin siyahısının dərc olunması qərara alınıb.
Media nümayəndələrinin də iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.

Siyasət 2023-09-19 18:10:00