Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren haqqıdır – Rəy
Bakı, 19 sentyabr, AZƏRTAC
Torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra ötən 3 il ərzində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışır. Açıqlanan son məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqdadır. Həmçinin xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları həmin ərazilərdə yerləşdirilib. Niyyət isə bəllidir: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq. Son 3 ildə biz dəfələrlə bunun şahidi olmuşuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Ötən gecə düşmənin xain mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olduğunu qeyd edən deputat deyib: “Bu onu göstərir ki, düşmən çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, hazırda Azərbaycan tərəfinin keçirdiyi lokal xarakterli antiterror tədbirləri onun tam suveren haqqıdır, sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addımdır”.
AHİK sədri əlavə edib ki, Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə maneə törətməyə çalışması antiterror tədbirlərini labüd etdi.
“Əminik ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini tezliklə tərk-silah edəcək və öz ərazilərindən çıxaracaq, ölkəmizin konstitusiya quruluşu bərpa olunacaq”, - deyə S.Möhbalıyev vurğulayıb.
“Əl-Cəzirə” telekanalında Qarabağda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərindən danışılıb
Ermənistan üçün seçim: Ya sülh və “Qafqaz evi”, ya da “dəmir yumruq”
“Dövlət siyasətimizin və qələbəmizin uğurları” mövzusunda konfrans təşkil olunub
Əziz Ələkbərli: Dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofisləri yaradılır