Firəngiz Əlizadə: Üzeyir Hacıbəyli və Müslim Maqomayev dostluğu bizim üçün nümunədir
Bakı, 19 sentyabr, AZƏRTAC
Müslim Maqomayev gözəl bəstəkar və Azərbaycanın ilk peşəkar dirijoru idi. Üzeyir Hacıbəyli və Müslim Maqomayev dostluğu bizim üçün bir nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev. Dostluq və həmkarlıq” mövzusunda elmi konfransda söyləyib.
ABİ-nin sədri bildirib ki, Üzeyir Hacıbəyli Müslüm Maqomayevin əziz dostu, yaxın sirdaşı olub və o, həmişə onunla məsləhətləşib, yaradıcılıq ideyaları ilə bölüşürdü. F.Əlizadə qeyd edib ki, hər iki sənətkarın özünəməxsus yaradıcılıq üslubu, sənət yolu, eyni zamanda, Azərbaycanın musiqi sənətinin inkişafında misilsiz xidmətləri vardır.
Sonra elmi konfransın iştirakçıları dahi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar Müslüm Maqomayevin yaradıcılığına dair məruzələrlə çıxış ediblər. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın “Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında Üzeyir Hacıbəyli və Müslim Maqomayevin birgə fəaliyyəti”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimovanın “Xalq musiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadənin “Azərbaycan musiqişünaslıq elminə Üzeyir Hacıbəyli və Müslim Maqomayev töhfələri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədovanın “Üzeyir Hacıbəyli və Müslim Maqomayevin operalarında qəhrəmanlıq mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Üzeyir Hacıbəyli və Müslim Maqomayevin yaradıcılığında xalq rəqslərimizin tədqiqi və istifadəsi məsələləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə” mövzularında məruzələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Konfrans çərçivəsində, həmçinin ABİ-nin Ü.Hacıbəyli adına Konsert salonunda sentyabrın 22-də Kamera musiqi konserti keçiriləcək. Tədbirdə Tahir İbişovun “Gül surətə nəzər” romansı, Tural Məmmədlinin violin və piano üçün “Tünd rənglərin parıltısı”, İlham Azmanlının fortepiano üçün “Novruz bayramı coşqusu” və digər əsərlər səslənəcək.
İlk dəfə Bülbülün adını daşıyan vokal məktəbi yaradılıb
Azərbaycan beynəlxalq forumda təmsil olunub
Xınalıqda 16 sahibkara dəstək məqsədilə avadanlıqlar təqdim olunub