×
A
A
A
Sazlamalar

Ceyhun Sultanov: Hazırda çempionluğa ən real namizəd “Qarabağ” komandasıdır

Bakı, 19 sentyabr, AZƏRTAC

“Qarabağ” təcrübəli komandadır. Məğlub olduğu zaman vəziyyətdən çıxa bilir. Belə hallarda əsas vəzifə baş məşqçinin və önə çıxan futbolçuların üzərinə düşür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Premyer Liqada VI turun vacib oyunlarını şərh edərkən deyib.
Turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Sabah” matçı (2:0) ilə bağlı danışan veteran yarımmüdafiəçi bildirib ki, paytaxt təmsilçisi yeni yaranan klub olsa da, yaxşı təsir bağışlayır: “Ancaq məğlub olduqları oyunlarda toparlana bilmirlər. Hazırda oyun üslubları da keçən ilki kimi deyil. Fikrimcə, bunun əsas səbəbi Coy Lens Mikels və Aleksey Kaşukun komandadan getməsidir. Yeni transferlər də onların səviyyəsində deyil. "Qarabağ" bir çox komandadan üstündür. Mövsümün əvvəlindən "Sabah" klubunun çempion ola biləcəyini iddia edirlər. Lakin görünən odur ki, hazırda çempionluğa ən real namizəd məhz “Qarabağ” komandasıdır”.
O, son turda “Neftçi”yə 1:0 hesabı ilə qalib gələn “Araz-Naxçıvan”ın Premyer Liqa üçün sürpriz komanda olduğunu qeyd edib: “Bir aya ərsəyə gələn komanda üçün çox böyük işlər görülüb, yaxşı komanda formalaşdırılıb. "Neftçi" isə hələlik gözləntilərə cavab vermir. Fikirləşirdik ki, bu komanda çempionluq uğrunda mübarizə aparacaq. Çünki rəhbərlik bunun üçün lazimi şəraiti yaradıb. Ancaq baş məşqçi amilinə görə "Neftçi"nin çempion olacağına inamım azdır”.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 21-də Bakıda Norveçin “Molde” klubuna qarşı keçirəcəyi oyundan da söz açan C. Sultanov Ağdam təmsilçisinin avrokubok təcrübəsinin olduğunu vurğulayıb: “Düşünürəm ki, “Molde” “Qarabağ”a uyğun rəqibdir. Təmsilçimiz qrupda ən azı ikinci yer uğrunda mübarizə apara biləcək gücdədir. “Qarabağ”ın bu matçda qələbə qazanmasını istəyirəm”.

İdman 2023-09-19 12:44:00