×
A
A
A
Sazlamalar

Payız-qış mövsümünə hazırlıq ilə bağlı geniş istehsalat müşavirəsi keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarının 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq ilə bağlı geniş istehsalat müşavirəsi keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən istilik təsərrüfatlarının rəhbərlərinin iştirakı ilə 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı geniş istehsalat müşavirəsi keçirilib. Müşavirədə mövsümə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyətinə dair istilik təsərrüfatlarının rəhbərlərinin hesabatları dinlənilib və hər bir sahə üzrə işlərin gedişatı ətraflı müzakirə edilib.
Müşavirədə payız-qış mövsümünə hazırlıq obyektlərinin mövsümi hazırlığını qiymətləndirən “Mövsümi hazırlıq komissiyası”nın üzvləri çıxış edərək qazanxana və istilik şəbəkələrinin istismara hazırlığı haqqında ətraflı məlumat veriblər.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev müşavirədə çıxış edərək “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarına uyğun olaraq istilik mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş bütün tədbirlərin müəyyən edilmiş müddətlərdə başa çatdırılmasına dair müvafiq tapşırıqlar verib.

İqtisadiyyat 2023-09-19 12:19:00