×
A
A
A
Sazlamalar

Gədəbəydə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Bakı, 19 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gədəbəy rayonunun Slavyanka kəndində fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus “Yuxarı Narzan” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Cəmiyyət 2023-09-19 12:17:00