Kişineuda beynəlxalq festivalda Azərbaycan mədəniyyəti və mətbəx nümunələri nümayiş olunub
Kişineu, 19 sentyabr, AZƏRTAC
Moldovadakı Azərbaycan diasporu “Müxtəliflik vasitəsilə birlik” XXII Etnomədəniyyət Festivalında uğurla təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Kişineu şəhərində Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” XXII Etnomədəniyyət Festivalı keçirilib. Etnik Mədəni Təşkilatların Koordinasiya Şurası ilə birgə Etniklərarası Münasibətlər Agentliyi və Kişineu İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Hər il sentyabrın üçüncü bazar günü Moldova paytaxtının mərkəzi Moldova Respublikası ərazisində yaşayan etnik qrupların görüş yerinə çevrilir.
Ənənəvi olaraq Moldovada ən fəallardan biri olan və 5000-dən çox insanı əhatə edən bu festivalda əvvəlki illərdə olduğu kimi, bu festivalda Moldova Azərbaycanlıları Konqresi təmsil olunub.
Bu il Azərbaycan diasporu festivalda iştirakını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edib. Buna görə də festival çərçivəsində MAK Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi təşkil edib.
Tədbir Stefan Çel Marenin abidəsi önünə gül qoyulma mərasimi ilə başlayıb. Azərbaycan icması adından MAK sədri Elçin Bayramov, MAK sədrinin müavini Ramiz Ənsərov, eləcə də Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin nümayəndəsi iştirak ediblər.
Gül qoyma mərasimindən sonra festival proqramı milli geyimlərin nümayişi və Moldova mədəniyyətinin simvolu olan “Casa Mare” və digər 20 etnik guşələrə baxışla davam edib.
Azərbaycan mədəniyyət guşəsində festivala gələnləri MAK-ın sədri Elçin Bayramov, onun müavini Ramiz Ənsərov, həmçinin MAK Şurasının üzvləri və fəallar qarşılayıblar.
Moldova Respublikası Parlamentinin vitse-spikeri Mixail Popşoi, Kişineu şəhərinin icra hakimiyyətinin başçısı İon Ceban, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, ABŞ-ın Moldovadakı səfiri Kent Loqsdonu, Millətlərarası Münasibətlər Agentliyinin direktoru Dmitri Moruz, ictimai təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslər ilə görüşümüzə şad olduq.
Festivalın əsas səhnəsində xalq rəqsləri və mahnılardan ibarət konsert proqramı təşkil olunub. Azərbaycan diasporunu MAK Həftəsonu məktəbinin şagirdi Xədicə Rza təmsil edib. O, Azərbaycan xalq mahnısı “Sarı gəlin” rəqsini ifa edib.
Festival qonaqlarının müxtəlif xalqların mədəniyyəti ilə tanış olduğu Lektorium guşəsində MAK Azərbaycan, onun görməli yerləri və təbii sərvətləri, eləcə də Moldovanın Azərbaycan icmasının həyatından bəhs edən videoçarx təqdim edib.
Mətbəx zonasında Azərbaycan da layiqincə təmsil olunub - arzu edənlər mahir aşpazlarımızın hazırladığı milli yeməklərimizin dadına baxa bildilər.
Yeri gəlmişkən, bu, milli Azərbaycan yeməklərini dadmaq üçün yeganə fürsət deyildi - guşəmizdə qonaqlara ən ləzzətli paxlava, şəkərbura, quru meyvələr, Azərbaycan şirniyyatları və çay təqdim olunurdu.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Şuşa sakini: Sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram