×
A
A
A
Sazlamalar

UNESCO: Dünyada məktəbə getməyən uşaq və gənclərin sayı artıb

Paris, 19 sentyabr, AZƏRTAC

Dünyada məktəbə getməyən uşaq və gənclərin sayı 2021-ci ildən bəri 6 milyon artıb. Bu nəticə BMT-nin təhsillə bağlı məqsədlərinə xələl gətirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO-nun 2023-cü il Qlobal Təhsil Monitorinqi üzrə Hesabatında yer alıb.
UNESCO bu istiqamətdə dövlətləri ciddi və mümkün qədər tez addımlar atmağa çağırıb. Bildirilib ki, son onilliklər ərzində hamı üçün keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə xeyli səy göstərilməsinə baxmayaraq, hazırda məktəbdən kənarda qalan uşaqların sayı getdikcə artmaqdadır.
UNESCO-nun yeni açıqladığı rəqəmlərə görə, məktəbə getməyən uşaq və gənclərin sayı 2021-ci ildən bəri 6 milyon artaraq 250 milyon nəfərə çatıb. Bu artımın qismən Əfqanıstanda qızların və gənc qadınların kütləvi şəkildə təhsildən kənarlaşdırılması, eyni zamanda, bütün dünyada təhsilin inkişafında davam edən durğunluq ilə bağlı olduğu vurğulanır.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2023-09-19 03:07:00