Azərbaycanlı jurnalist: Bəzi qüvvələr Gürcüstanı monoetnik dövlətə çevirmək istəyir
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrupu Gürcüstanın İctimai kanalının (1tv.ge) departament rəhbəri, etnik azərbaycanlı, tanınmış jurnalist Ramilə Əliyevaya qarşı qarayaxma və təzyiq kampaniyasına başladıb.
Jurnalist Ramilə Əliyeva bununla əlaqədar AZƏRTAC-ın Gürcüstan müxbirinə müsahibə verib.
O bildirib: “Düzdür, bu təzyiqlər əvvəllər də var idi, amma son vaxtlar daha da güclənib.
Əslində, mən bunu erməni radikalların etnik terroru adlandırıram. Hamıya məlumdur ki, Gürcüstanda bir neçə təşkilat etnik azərbaycanlılar və ermənilər, eləcə də digər milli azlıqların nümayəndələri ilə birlikdə çalışmağa səy göstərib. Amma onların birgə fəaliyyəti əksər hallarda bir ildən çox davam etməyib.
Lakin Birinci kanalda bizim başlatdığımız “Rəngarəng Gürcüstan” layihəsi artıq yeddi ildir fəaliyyət göstərir. Bu layihədə etnik azərbaycanlılarla ermənilər birlikdə çalışırlar. Düzdür, radikal qrupların təsiri altında olan bəzi insanlar bu birliyi pozmağa çalışıblar, amma onların istəyi, arzusu ürəklərində qalıb”.
Radikal qrupların belə addım atmaqda bir neçə məqsədinin ola biləcəyini deyən R.Əliyeva qeyd edib ki, onlardan birincisi etnik azərbaycanlıların dövlət və hökumət qurumlarında, özəl şirkətlərdə yüksək vəzifə tutmalarının qarşısını almaqdır. Yəni, həmin radikal erməni qrup azərbaycanlıları hədəfə alır, həmin təşkilatların qarşısında etiraz aksiyaları keçirir, qarayaxma kampaniyası aparır. Onlar bununla şirkətlərə, təşkilatlara, qurumlara xəbərdarlıq etmək istəyirlər ki, əgər kimsə Gürcüstan azərbaycanlılarını işlə təmin etsə, onlara qarşı da etiraz kampaniyaları başladacaqlar.
Digər səbəb isə cəmiyyətdə, ölkə daxilində etnik qarşıdurma yaratmaqdır. Amma onlar heç vaxtı buna nail ola bilməyəcəklər. “İlk növbədə ona görə ki, Gürcüstan hamımızın vətənidir. Bu ölkədə hamı bərabərhüquqludur. Biz heç bir diskriminasiya ilə qarşılaşmırıq. Yalnız bəzi radikallar buna çalışırlar. Ümid edirəm, onlar buna nail ola bilməyəcəklər.
Əslində, həmin qrupun bir məqsədi də var. Onlar ölkədə etnik qarşıdurmalar yaratmaqla məşğuldurlar. Onlar anlamalıdırlar ki, Gürcüstan monoetnik ölkə deyil”, - deyə o vurğulayıb.
Şuşaya səfərdən sonra belə kampaniyaların artması ilə bağlı sualı cavablandıran jurnalist deyib ki, radikal qrupun bunu əsas götürməsinin heç bir haqqı yoxdur. Çünki dünya ictimaiyyəti, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən elə Ermənistanın özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Mənim də Azərbaycan ərazisinə səfər etməyimdə heç bir kobud səhv və ya onları qıcıqlandıracaq səbəb ola bilməz.
Qarayaxma kampaniyalarının Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrə göstərə biləcəyi mənfi təsirinə toxunan R.Əliyeva qeyd edib: “Bəli, həqiqətən də Azərbaycan ilə Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir və daim inkişaf edir.
Düzdür, etnik azərbaycanlıların hər hansı radikal qruplar tərəfindən sıxışdırılması müəyyən mənada narahatlıq yarada bilər. Amma inanmıram ki, Gürcüstan hökuməti buna imkan versin. Gürcüstan demokratik ölkədir və burada milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar azad, bərabər şəraitdə yaşayırlar”.
Sonda jurnalist baş verən hadisələrlə əlaqədar ona dəstəyin kifayət qədər olduğunu, istefa verməyəcəyini, bunun üçün heç bir əsasın olmadığını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ukrayna Milli Vəkillər Kollegiyası ilə əməkdaşlıq daha da gücləndirilir
Zərərvericilərin qışlama yerlərini maksimum azaltmaq üçün tikililərdə təmizləmə işləri aparılmalıdır
Rumıniya qəzetində Türk dövlətlərinin əməkdaşlığı barədə məqalə dərc olunub
Türkiyənin rəsmi şəxslərinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib
Parlamentdə dövlət ehtiyatları ilə bağlı yeni qanun layihəsi müzakirə olunub