×
A
A
A
Sazlamalar

Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoymuş,Şuşa mədəni mühitinin dahi bəstəkarı - Üzeyir Hacıbəyli

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm, maarif, musiqi və incəsənət xadimlərinin vətəni hesab edilir. XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olub. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynayıblar. Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab Qarabaği, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Salah bəy Zöhrabbəyov, Mirzə Ələsgər Növrəs, Qəmər bəyim Şeyda, Səfərəli bəy Vəlibəyov, Cəlil bəy Bağdadbəyov, İsgəndər bəy Rüstəmbəyov, Cahangir bəy Zeynaloğlu, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli və onlarla maarifçi, şair, dramaturq, publisist və ictimai xadimlərin həyatında Şuşa mühitinin mühüm rolu olub.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoymuş, Şuşa mədəni mühitinin dahi bəstəkarı - Üzeyir Hacıbəyli” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Şuşa XIX əsrin ikinci yarısından Azərbaycanın mədəni mərkəzə çevrilmiş, o cümlədən musiqi və bəstəkarlıq məktəbinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Əhməd Ağdamski (Bədəlbəyli), Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Teymur Elçin, Mehdi Məmmədov, Zakir Bağırov, Çingiz Hacıbəyov, Şəmsi Bədəlbəyli Əbülfət Vəli, Məhluqə Sadıqova, Nəcibə Behbudova, Osman Hacıbəyov, Əbülfət Əliyev, Kərbəlayı Səfixan Qarabaği, Lətif Kərimov, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Münəvvər Rzayeva, Əmir Hacıyev və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də bütün Yaxın Şərqdə məşhur olan musiqişünas, bəstəkar, xanəndə, teatr xadimi, rəssam, heykəltəraş, memar və görkəmli sənətkarlardır.

Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi - Üzeyir Hacıbəyli

Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması milli opera məktəbinin banisi, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli 1885-ci ildə anadan olub, Şuşada böyüyüb və təhsil alıb, bir çox alətlərdə ifa etmək bacarığına da yiyələnib. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət olan milli bəstəkarlıq məktəbinin əsasını qoyub. Üzeyir Hacıbəyli Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar, ilk azərbaycanlı folklorçu-bəstəkar, həmçinin ilk azərbaycanlı musiqişünas-alimdir. O, həm də publisist, felyetonçu və librettoçu-dramaturq, həmçinin Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub.
Üzeyir Hacıbəyli öz yaradıcılığında Qərb və Şərq musiqi üslublarını birləşdirərək, Azərbaycan xalq musiqisinin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdırıb. Bu metoddan istifadə edərək o, 1908-ci ildə dahi Azərbaycan şairi Füzulinin eyni adlı poeması olan “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoymuşdur. Üzeyir Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyli” muğam operalarını bəstələyib.
Onun “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” musiqili komediyaları müxtəlif dillərə tərcümə edilmiş və xarici ölkələrdə sevilə-sevilə baxılan əsərlərdəndir. Üzeyir Hacıbəyli 1931-ci ildə Azərbaycanda ilk notlu çalğı alətləri orkestri təşkil etmiş və dirijoru da məhz özü olub. Dahi bəstəkarın ən tanınmış əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab edilir.
Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb. Bundan əlavə, Azərbaycan opera məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyli “Sənsiz” və “Sevgili canan” kimi əsərlər yaradaraq, “romans-qəzəl” adlı kamera vokal musiqisinin yeni janrını da kəşf edib. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətinin bir istiqaməti də heç şübhəsiz, onun publisistik yaradıcılığı ilə bağlıdır. Onun “Azərbaycan”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında 700-ə yayın məqalə, felyeton və satirik miniatürləri dərc olunub.
O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir Hacıbəyli “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoymuşdu. Onun mətbu fəaliyyətinin böyük dövrü məhz “Molla Nəsrəddin” jurnalı ilə bağlı olmuş, publisist yazılarını daha çox “Ordan-burdan” başlığı altında dərc etdirməklə xalqın problemlərini, xüsusən satiranın dili ilə geniş ictimaiyyətə çatdırmağa çalışıb.
Üzeyir Hacıbəylinin üç kitabı nəşr edilib: “Hesab məsələləri” (1908), “Türk-Rusi və Rusi-Türk lüğəti” (1907), “Azərbaycan xalq musiqisinin əsasları”(1945). O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs demiş, ilk yazılarını məhz Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərib. 1905-ci ildə Bakıya gələrək Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə çalışıb.
1918-1920-ci illər ərzində Üzeyir Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib. O, “Azərbaycan” qəzetində ilk müstəqil dövlətimizin - Şərqdə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini geniş təbliğ edib. “İstiqlaliyyət”, “Vəzifəmiz nədir?”, “Cümhuriyyət”, “Parlament”, “Qarabağ haqqında”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri dərc olunub. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycan Respublikasının Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb.
O, sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Bakı Musiqi Kollecinə rəhbərlik etmişdir. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olmaqla yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948) olub. Onun Şuşada və Bakıda ev-muzeyləri açılıb, heykəlləri ucaldılıb. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilib. Hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün - 18 sentyabr Musiqi Günü kimi qeyd edilir. Onun bütün əsərləri çap olunub və UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib.

Şuşanın əsl tarixi siması və memarlıq abidələri bərpa edilir

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gündə aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.
Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir.
2021-ci il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanmış və öz əvvəlki yerində ucaldıldı. 2021-ci il avqustun 29-da Şuşa şəhərində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışda iştirak ediblər.
Hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı yüksək səviyyədə təşkil olunub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək davam edəcək festivalda bir sıra ölkələrdən olan ifaçı və kollektivlər iştirak edəcək. Azərbaycanın müxtəlif şəhərlərində keçiriləcək festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və sair təşkil olunacaq.

 

Mədəniyyət 2023-09-18 18:52:00