"Enactus Azərbaycan" milli yarışının qalibləri bəlli olub
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və "BP Azərbaycan" şirkətinin baş sponsorluğu ilə Bakı Gənclər Mərkəzində "Enactus Azərbaycan" milli yarışının finalı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin "Enactus” komandası yarışın qalibi elan edilib. Komanda oktyabrın 17-dən 20-dək Niderlandda keçiriləcək "Enactus" Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququ qazanıb.
Münsiflər heyətinin müvafiq qərarına əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Enactus" komandası ikinci, Azərbaycan-Fransız Universitetinin eyniadlı komandası isə üçüncü yerə layiq görülüb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
"Enactus" yarışı gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə "Enactus" gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır, azad sahibkarlığı təbliğ edir.
Avropa Liqası: “Elfsborq” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
Dominikanlı beysbolçu idman tarixinin ən bahalı müqaviləsinə imza atıb
“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib