×
A
A
A
Sazlamalar

“Barselona”nın yarımmüdafiəçisi İspaniya millisinin və Avropa futbolunun tarixinə düşüb

Bakı, 9 sentyabr, AZƏRTAC
“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi buna AVRO-2024-ün seçmə mərhələsinin Gürcüstanla səfər oyununda meydana çıxmaqla nail olub.
44-cü dəqiqədə oyuna daxil olan vinger İspaniyanın əsas yığmasının formasını geyinən ən gənc oyunçu ünvanına sahib çıxıb - 16 yaş 57 gün. Daha əvvəl bu rekord onun komanda yoldaşı Qaviyə (17 yaş 62 gün) məxsus idi.
Bundan başqa, Gürcüstanla görüşün 74-cü dəqiqəsində fərqlənən Lamin Yamal Avropa çempionatlarının seçmə mərhələləri tarixində qol vuran ən gənc futbolçu olub. Ona qədər siyahıya Uels millisinin sabiq üzvü Qaret Beyl (17 yaş 83 gün) başçılıq edirdi. Q.Beyl həmin qolu AVRO-2008-in seçmə mərhələsində Slovakiyanın qapısına vurub.
Qeyd edək ki, Gürcüstan-İspaniya oyunu qonaqların 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman 2023-09-09 11:33:00