×
A
A
A
Sazlamalar

Füzulidə oğurluqda və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 26 avqust, AZƏRTAC

Füzulidə oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb. Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisə 2023-08-26 09:11:00